Məşhur Amerika yazıçısı Tomas Vulfun “Ölüm – məğrur qardaş” povesti azərbaycanca işıq üzü görüb.
Əsər kitab şəklində “Qanun” nəşriyyatında çap olunub. Bu barədə Novator məlumat yayıb.
Povesti dilimizə yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı çevirib.
“Ölüm – məğrur qardaş” povestində heyrətamiz enerji, nəfəs kəsən təhkiyə, Vulf qələminə məxsus gözlənilməz dönüşlər diqqəti çəkir.
Povest ömründə dörd insanın ölümünü görmüş qəhrəmanın yaşantılarını oxucuya çatdırır. Sən demə, həyatda miskin, təsadüfi, lüzumsuz və məğrur ölümlər də varmış, insan qismətinə hansı ölümün düşəcəyini bilmir.
“Böyük şəhərdə ölümün üzünü artıq üç dəfə görmüşdüm, ötən yaz yenidən görməli oldum. Bir dəfə gecə – həmin il zülmətin nəhəng küçəsiylə sürünə-sürünə yaşadığım dəlisov, sərxoş, heydən düşmüş gecələrin səhərdən-axşamacan, axşamdan-səhərəcən sürən dəyişikliyində – metroda insanın necə öldüyünü gördüm…”
Bu il “Qanun” nəşriyyatı Tomas Vulfun “Evinə bax, Mələk” romanını da çap edib.
“Evinə bax, Mələk”də cərəyan edən hadisələr yazıçının həyatına çox yaxın olduğundan bu romanı avtobioqrafik də adlandırmaq olar.
Əsər sadəcə Tomas Vulfun tərcümeyi-halıyla bağlı hadisələr zənciri deyil, həm də onun duyğularının, ruhi yaşantılarının, sevgi və nifrətinin, vətənə bağlılığının və ondan qaçmasının, ən nəhayət, yazıçının yaradıcılıq əzablarının ifadəsidir.
Ədəbi tənqidin yüksək qiymət verdiyi “Evinə bax, Mələk” romanı Vulfun vətənində qalmaqala səbəb olmuşdu, çünki əsərdə öz prototiplərini görən Eşvill sakinləri bunu özlərinə həqarət kimi qəbul etmişdilər.
“Evinə bax, Mələk” romanını tərcüməçi, yazar Nadir Qocabəyli dilimizə çevirib.
Hər iki kitab – “Ölüm – məğrur qardaş” və “Evinə bax, Mələk” artıq satışdadır.