"21-ci əsrdir, hələ də filan şey qalırmı?" sualı verən adamlar o qədər xoş niyyətlidirlər ki, hazırda 41-ci əsrdə yaşadığımızı düşünürlər. Elə bilirlər, 21-ci əsrə çatmışıqsa, dünyada müharibə olmamalıdır, cahillik olmamalıdır, insanlar bir-birlərinə, heyvanlara əziyyət verməməlidir, yaşıllıqlar məhv edilməməlidir, korrupsiya olmamalıdır və s.
Amma bu saflar safı insanlar sadaladıqları problemlərin azalmasını, dünyada bunun sıfır səviyyəsinə çatmasını izləməyiblər, görməyiblər, bu barədə oxumayıblar. Məsələn, biri yazır, "Viner-ə bu qədər maraq var, elmə yoxdur, 21-ci əsrdir ee". Bəs, ay bacı, ay qardaş, elə 21-ci əsr olduğuna görə belədir də. 19-cu əsrdə belə şey yox idi. Yaxud kimsə cin çıxarır, deyirlər, "Cahilliyə bax ee, 21-ci əsrdir". Nə olub ki? 20-ci əsrdən - Şeyx Nəsrullahdan bizi hansı böyük tarix, hansı tarixi hadisələr, maariflənmə, intibah ayırır ki? Nə eləmişik bu 1 əsrdə ki, indi elə insanlar, ümumiyyətlə, qalmamalıdır?
Olsun korrupsiya. "21-ci əsrdir, xalqın pulunu Londonda bir dükanda xərcləyirlər". Sanki Azərbaycanda xanlıqlar dövründə xanın ailəsi fəhlə işləyirdi, büdcədən qəti yemirdi. Biz də belə şad-xürrəm davam edirdik, bir az da inkişaf edirdik, 1 qəpik yeyən xanı ədalət mühakiməsinə cəlb edib, xanlığın xandan asılı olmayan azad, ədalətli, tərəfsiz məhkəmələrində cəzalandırırdıq. Biz axı 21-ci əsrə qədər korrupsiya üzərində hansı nəhəng uğurları qazanmışıq ki, indi də bu, bizə təəccüblü gəlsin?
21-ci əsrdir, 26-cı əsrdir - fərqi yoxdur, əsr nəyisə düzəltmir. Təkamül mükəmməlləşmə deyil, tərcümə səhvdir, bu, evrimdir, ətraf mühitə uyğunlaşmadır və hər şeyi bizim istədiyimiz formaya salacaq, deyə bir şey yoxdur. Zaman hər şeyin dərmanı deyil. Zaman bir çox şeyin zəhəri, məhv olub-getmə vasitəsidir, o cümlədən özünü inkişaf etdirməyən xalqların, dövlətlərin.
Oturub, gözləyəsən ki, avropalılar, amerikalılar itin zülmünü çəkib, özlərinə adam balası kimi sistem qurublar, qalan şeyləri də qurarlar, 21-ci əsrdir, gəlib, bizə də çatar da - yox, yoldaş bədbəxtlər, elə deyil, olmayacaq da. Amerikadan, Avropadan sənə texnoloji yenilik-filan gələ bilər, maşındır, telefondur, istəsən də, istəməsən də, sənə çatacaq. Amma demokratiya, insan hüquqlarının təmini kimi dəyərləri əldə etmək lazımdır. Yoxsa alınan deyil. Şimali Koreya, Özbəkistan, Kuba, Çad, Mavritaniya... xeyli misal var. Süquta uğramış dövlətlərdir - fail state-lər. Onlara bundan sonra insan hüquqları tətbiq etsən də, heç vaxt artıq o dəyərlərə malik olan xalqlara, dövlətlərə çata bilməyəcəklər. Oturub, gözləməklə, "21-ci əsrdir, bəs niyə filan şeylər hələ də baş verir?" deməklə, düzəlmir heç nə. Düzəldən olmasa, düzəlməyəcək. Məchul növdə danışmaq lazım deyil, birinci şəxsdə danışmaq lazımdır. Düzəltməliyik.