Şahin Cəfərli
Xüsusən II Dünya müharibəsi dövründə ölkədə əsl casus savaşları yaşanıb. Bu tip hadisələrdən ən məşhuru sovet kəşfiyyatı tərəfindən Almaniyanın Türkiyədəki səfiri Frans fon Papenə qarşı törədilmiş sui-qəsddir. Bu barədə jurnalist Murat Yetkinin kitabında maraqlı məlumatlar var. ("Meraklısı için entrikalar kitabı", 2017-ci il.)
[caption id="attachment_69447" align="alignleft" width="187"] İsmət paşa[/caption]1942-ci il fevralın 24-də Frans fon Papen həyat yoldaşı ilə birlikdə Ankaradakı səfirlik binasından çıxarkən küçənin qarşı tərəfində əlində böyük paket olan bir nəfər onlara tərəf addımlamağa başlayır. Elə bu zaman partlayış baş verir və əlində paketi tutmuş naməlum şəxs tikə-parça olur, səfir və yoldaşı isə yara almadan qurtulur. Türkiyə polisinin araşdırmaları nəticəsində həmin şəxsin Balkan kökənli Türkiyə vətəndaşı, İstanbul Universitetinin hüquq fakültəsinin 25 yaşlı tələbəsi Ömər Tokat olduğu müəyyənləşir. Ö.Tokat Yuqoslaviya Kommunist Partiyasının üzvü imiş və NKVD tərəfindən əməkdaşlığa cəlb edilibmiş. Plana görə, Ö.Tokat əvvəlcə səfirə atəş açaraq onu öldürdükdən sonra əlindəki tüstü bombasını partladaraq qaçmalıymış. Lakin o, özbaşına plana dəyişiklik edərək əvvəlcə tüstü bombasını partlatmaq qərarına gəlir və ölür. Çünki tüstü bombası adı ilə ona verilən bağlamada əsl partlayıcı var imiş. Məqsəd bu olub ki, səfiri öldürdükdən sonra bu binəvanın özü də ölsün...
Polis az sonra Ö.Tokatla yaxın əlaqələri müəyyənləşdirilən 2 nəfəri həbs edir, onlar da Yuqoslaviyadan Türkiyəyə köç etmiş türklər idi. Bu şəxslər sui-qəsdin sifarişçisi və təşkilatçısı kimi İstanbuldakı SSRİ Baş Konsulluğunu göstərirlər. Polis İstiqlal caddəsindəki Baş Konsulluq binasını 2 həftə mühasirədə saxlayır və konsulluqda "arxiv məmuru" adı altında çalışan sovet kəşfiyyatçısı Qriqori Pavlovu (əslində Mordvinov) həbs edir. Digər kəşfiyyatçı - konsulluğun "ticarət təmsilçisi" Leonid Kornilov isə SSRİ-yə qaçmaq istəyərkən qatarda yaxalanır. Təhqiqat dərinləşir və bu zaman Baş Konsulluğun "mətbuat attaşesi", əslində QRU-nun podpolkovniki İsmayıl Əhmədov əmniyyət binasına gedərək təslim olur və Türkiyədən siyasi sığınacaq istəyir. 38 yaşlı Əhmədov tatar idi və sovet hökumətinin repressiyalarına etiraz etdiyi üçün bu yolu seçdiyini bildirir. O, polisə hər şeyi danışır və sui-qəsdi konsulluğun Naumov soyadlı digər attaşesinin təşkil etdiyini bildirir.
"Naumov" əslində sovet kəşfiyyatının ən parlaq simalarından biri, xarici əməliyyatlarda ad çıxarmış NKVD-nin 4-cü idarəsinin rəis müavini, daha əvvəl Meksikada Trotskiyə qarşı uğurlu sui-qəsdin təşkilatçısı, sonradan general-mayor rütbəsinə qədər yüksələn Naum İsaakoviç Eytinqon idi. Trotskini buz baltası ilə qətlə yetirən İspaniya kommunisti Roman Merkader məhz N.Eytinqon tərəfindən əməkdaşlığa cəlb edilmişdi və onun (Eytinqonun) İspaniyadakı vətəndaş müharibəsi zamanı sevgilisi olmuş Karidad Merkader adlı yerli kommunist qadının oğlu idi. Türkiyə polisi Eytinqonu yaxalaya bilmir, peşəkar kəşfiyyatçı vaxtında ölkədən çıxır.
Bəs Frans fon Papen kim idi, SSRİ niyə onu aradan götürmək istəyirdi? Tatar İsmayılın sonrakı taleyi necə oldu? Bu haqda növbəti yazıda.
II yazı
[caption id="attachment_69448" align="alignright" width="231"] Papeni[/caption]...Səfir və həyat yoldaşı partlayış dalğasının təsiri ilə yerə yıxılırlar. Hadisəni görən yaxınlıqdakı İtaliya səfirliyinin əməkdaşı Konstantino Liberali onlara yaxınlaşır və soruşur: "Yaralısız?" Birinci Dünya savaşının iştirakçısı olmuş keçmiş zabit fon Papen cavab verir: "Yox. Lənət olsun, ən yaxşı paltarım korlandı..."
Frants fon Papen I Dünya müharibəsi zamanı Ənvər paşanın yaratdığı, türk və alman zabitlərindən ibarət birgə qərargahın mayor rütbəli zabiti idi. Atatürk və İnönü onu Fələstin cəbhəsindən yaxşı tanıdıqları üçün səfir vəzifəsinə təyinatı üçün aqreman verməmişdilər. (Əvvəlcə Atatürk, o vəfat etdikdən sonra İnönü.) Nəhayət, 1939-cu ilin aprelində İnönü Hitlerin təyinatını üçüncü dəfə rədd etməyin arzuolunmaz nəticələrə səbəb ola biləcəyini görərək Papenin Ankaraya gəlməsinə razılıq verir...
Frants fon Papen 1913-15-ci illərdə Almaniyanın ABŞ-dakı hərbi attaşesi vəzifəsində çalışmışdı. Nyu Yorkda Almaniyaya işləyən geniş casusluq şəbəkəsinin qurulması, Fransa və İngiltərəyə ABŞ-dan strateji əhəmiyyətli yüklərin göndərilməsini əngəlləmək üçün diversiyaların təşkili, Meksikada çevrilişə cəhd, Kanadada təxribatların törədilməsi kimi qaranlıq işlərin təşkilatçısı olduğu müəyyənləşdikdən sonra (bu barədə ingilis kəşfiyyatı sübutlar toplamışdı) ABŞ hökuməti onu "persona non grata" elan edir. Papenin nə qədər önəmli fiqur olduğunu onun 1932-ci il iyunun 1-dən dekabrın 2-nə qədər Almaniyanın reyxkansleri, 33-cü ildə isə Hitler hökumətində vitse-kansler olması faktı da bariz şəkildə göstərir. Hitlerin belə bir təcrübəli şəxsi Ankaraya səfir göndərməkdə məqsədi I Dünya savaşında olduğu kimi, Türkiyəni Almaniyanın tərəfində müharibəyə cəlb etmək və ya ən azı Türkiyənin ingilislərin tərəfində Almaniyaya qarşı savaşa qoşulmasına yol verməmək idi. Stalin isə öz növbəsində Türkiyənin Almaniyanın müttəfiqi olmasını əngəlləmək istəyirdi. Eyni zamanda, sovet kəşfiyyatı öyrənmişdi ki, Papenin ingilislərlə gizli təması var və Almaniyada bəzi çevrələr Hitleri devirib, yerinə Papeni gətirmək, daha sonra İngiltərə ilə separat sülh imzalamaq niyyətindədir. Bu səbəblə sovet rəhbərliyi onu aradan götürməyə qərar verir...
Türkiyə məlumat alır ki, Almaniya SSRİ xalqlarının nümayəndələrindən ibarət legionlar yaradır. Türkiyənin rəsmi dairələri, eləcə də o vaxt hər hansı rəsmi vəzifəsi olmayan Nuri paşa türk legionlarının yaradılması və SSRİ türklərinin taleyi ilə bağlı məsələləri fon Papenlə müzakirə edir, hətta Türkiyə Baş Qərargahının nümayəndə heyəti bu məqsədlə Almaniyaya səfər edir və Hitlerlə görüşür. Almanlar Nuri paşanın fikirlərindən yararlansalar da, özünü bu işə yaxın buraxmırlar, rəsmi səviyyədə də anlaşma olmur. Amma bu təmaslar SSRİ-ni narahat etmişdi...
ABŞ kəşfiyyatı 1947-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) adı ilə yenidən təşkil edilərkən (əvvəl bu işlə Strateji Xidmətlər Ofisi - OSS məşğul idi) və böyüdülərkən yeni qüdrətli düşmən - SSRİ barədə məlumatlara ciddi ehtiyac var idi. Şərq cəbhəsində faşistlərin kəşfiyyat rəhbəri olmuş Reynhard Gelen müharibədən dərhal sonra amerikalılara təslim olmuş və daha öncə "qara gün" üçün Alp dağlarında gizlətdiyi SSRİ haqqında bütün məlumatları, agent kartotekalarını onlara təhvil vermişdi. Bu xidməti sayəsində o, nəinki məsuliyyətə cəlb edilmədi, üstəlik Qərbi Almaniyada ABŞ-ın maliyyəsi ilə kəşfiyyat təşkilatı qurub, SSRİ və Şərqi Avropa istiqamətləri üzrə fəaliyyət göstərməyə başladı. Almaniyanın kəşfiyyat orqanı BND məhz Gelenin təşkilatının bazasında, onun rəhbərliyi ilə quruldu. Amerikalılar İsmayıl Əhmədovla da maraqlandılar və Türkiyə 1948-ci ildə onu özünün razılığı ilə ABŞ-a verdi. Beləliklə, İ.Əhmədov CİA-yə SSRİ istiqaməti üzrə məsləhətlər verməyə, agenturanın hazırlanmasında iştirak etməyə başladı. Sonralar o, öz həyat və fəaliyyəti haqda "Stalin QRU-sunun içində və dışında: bir tatarın Qızıl Ordu kəşfiyyatından qaçışı" adlı kitab da yazdı. (CİA-in "soyuq müharibə" dövründə ən məşhur türk əsilli əməkdaşı isə Ruzi Nazar adlı özbək olub. Bu barədə daha sonra yazaram.)
P. S. Türkiyə sovet kəşfiyyat zabitləri Mordvinov və Kornilovu həbsə məhkum etsə də, 2 il sonra onları SSRİ-yə təhvil verdi.