Alya Yaqublu
(Və ya üçü birində)
Məlum, dünyanı maraqlar idarə eləyir - həm də təkcə böyük dövlətlərin maraqları yox, Tramp və Rusiya mafiyası arasındakı biznes əməkdaşlığından da göründüyü kimi, həm də böyük dövlət rəhbərlərinin şəxsi maraqları. Məsələn, Putin kökü xeyli əvvələ gedən bu əməkdaşlığı ifşa eləməkdə Britaniya hökumətinə yardım etdiyi üçün Skripala “satqın və əclaf” deyir. Rusiya vətəndaşlarının diqqətini başqa ölkədəki seçkilərə müdaxilə kimi biabırçı faktdan yayındırmaq üçün məsələnin “vətənə xəyanət” tərəfini şişirdir. Bəli, Skripal buna görə həbs olunmuşdu (5 il cəza çəkəndən sonra Britaniyada həbs edilmiş casuslarla dəyişdirilib və elə həmin ölkədə də siyasi sığınacaq alıb), yəni fakt doğrudur, amma öz ölkəsinin maraqları üçün başqa ölkələrin vətəndaşlarını xəyanətə sövq etdirən birinin buna pis baxması siyasətdə əxlaq anlayışının necə geniş olduğunu göstərir. Hələ orası da var ki, bu adamın rəhbərlik etdiyi meqa-korrupsiya sistemi və avantürist xarici siyasət Rusiyanı iflas həddinə çatdırıb, aqressor dövlətə çevirib. Belə birinin vətənpərvərlikdən danışması ikrah doğurur.
Adətən, İlham Əliyev də sevmədiyi adamları (müxalifəti və müstəqil QHT-ləri) xəyanətdə günahlandırır, iddia eləyir ki, hakimiyyətin tənqidçiləri xaricdən qrant alırlar, Azərbaycanın maraqlarını pula satırlar yəni. Halbuki həmin o xaric hakimiyyətə də qrant verib, həm də müqayisə olunmaz dərəcədə çox (ölkəyə qrant olaraq daxil olmuş toplam 2 milyard dollarlıq məbləğin 1,9 milyardını). Bu qədər pulun son dərəcə səmərəsiz (böyük yeyintilərlə) xərclənməsi faktı ölkədə heç kəs üçün sirr deyilkən, talançı məmurları (və onların himayədarı olaraq özünü) qoyub başqalarını Azərbaycanın maraqlarına xəyanətdə suçlamaq (həm də heç bir dəlil-sübut olmadan, sadəcə tənqidlərə və hesabatlılıq tələblərinə görə) siyasətdə əxlaq böhranının daha bir nümunəsidi.
Acınacaqlı haldı ki, eyni taktika müxalifət düşərgəsində də populyardı. Burda da “Mən nə eləyirəm, düz eləyirəm” havasında olub fərqli fikirə maksimum dözümsüzlük nümayiş etdirənlər var. Tənqid onların da həzm edə bilmədiyi “maddədi” və onlar da böyük həvəslə opponentlərini xəyanətdə (hakimiyyətlə iş birliyində) günahlandırırlar (dəlilsiz-sübutsuz!). Həm də elə adamları ki, qurulduğu ilk gündən etibarən Əliyev rejiminə qarşı prinsipial və ardıcıl mübarizə apardıqları üçün çeşidli təzyiqlərə məruz qalıbrlar (buna görə həbs olunanları da var), illərdi ailə üzvlərinin danlağı, dost-tanışın tənəli baxışları altında, maddi çətinliklər içində yaşayırlar.
Birinci olmaq yanğısı şüurunu qaraltmış böhtançılar anlamırlar (ya da anlayırlar və bilərəkdən buna çallşırlar) ki, dürüst adamları qaralamaqla əslində demokraya uğrunda mübarizəni gözdən sallrlar, bütövlükdə müxalifətin imicinə zərbə vururlar, hakimiyyətin çoxillik antimüxalifət təbliğatının nəticələrini möhkəmləndirirlər. Fərqində deyillər ki, bununla həm də özlərinə ziyan vururlar - detalları izləyib analiz etməyə həvəsi olmayan orta statistik Azərbaycan vətəndaşı çirkin intriqalara başı qarışan müxalifətə bir bütün olaraq qiymət verir, gözdən salınan təkcə ayrı-ayrı adamlar yox, bütöv təşkilatlar olur.
Əslində çox bəsit həqiqətdi və lap da üzdədi, qalır müşahidəçi çoxluğun bunu fərq eləməsi. Heç dəyərlər adına da yox, öz şəxsi maraqları naminə - çox arzuladıqları hakimiyyət dəyişikliyini görə bilmələri üçün.