Ruslan DOST ƏLİ
Başımda qarğı papaq, bir əlimdə şeirlər kitabı, bir əlimdə çobanlara xas olan çomaq, qənşərimdə də on beş-iyirmi qoyun olardı. Hə, belə keçib mənim uşaqlığım.
Bir də baxırdım ki, onsuz da dar olan, hər iki tərəfdən kol basdığından biraz da darısqallaşmış küçədən kimsə üzü bəri - sahəyə tərəf gəlir. Kim olar? Atam? Yox! Axı bu gün gəlməyəcəkdi. Yaxınlaşdıqca zənnimdə yanılmadığımı görürəm. Papağı ver mənə, çomağı da, sən get. Televizorda şairlər haqqında veriliş gedir - deyir. Xüsusilə bu verilişdə Musa Yaqub və ya Zəlimxan Yaqub var idisə, - sevdiyim bu iki şairin təxəllüs adaşı olduqlarının fərqinə çox sonralar vardım - atı belə yəhərsiz-yüyənsiz minərdim. Burundaq umuduna - uşaqlığı kənddə keçənlər yaxşı bilir.
Onu deyim ki, harda olmağımdan, hansı işi görməyimdən, - hərçənd qoyun otarmaqdan başqa elə bir işim də yox idi - asılı olmayaraq mavi ekranlarda bu iki şairdən hansı birini göstərirdilərsə, mən mütləq evdə olmalı idim. Qoyunlar Hacı dayının yeni sulanmış yoncasına da dola bilərdi, İsrafilin köyşən yerinə də. Mənim üçün heç bir fərqi yox idi. Sonradan yaranacaq xoşagəlməz ovqat da məni maraqlandırmırdı. Əsas "Ovqat" verilişi idi...
Musa Yaqubu da ilk dəfə televizorda - elə yəqin ki, bu verilişdə - görmüşdüm. Həmişə də belə olacağına inanırdım. İnanırdım ki, mən həmişə qoyun otaracağam və Musa Yaquba da həmişə televizordan baxacağam. Həm də buna sidqi-ürəkdən inanırdım. Nə vaxtsa Bakıya gedəcəyimi, orda bu kişi ilə görüşəcəyimi ağlıma belə gətirməzdim. Alın yazısına, tale deyilən nəsnəyə nə qədər inanmasam da, elə məqamlar olur ki, nəinki inkar edə bilmirəm, hətta əməlli-başlı buna inanıram da.
Təxminən 2 il bundan əqdəm idi. Bakıya yenicə gəlmişdim. Demək olar ki, kitab təqdimatlarının, şeir axşamlarının heç birini qaçırmırdım. Bu təqdimatlara, şeir axşamlarına həm də ona görə gedirdim ki, həmişə axırda gənc yazarlara söz verirdilər, mən də şeirlərimdən deyib insanların marağını öz üzərimə çəkə bilirdim. Bu da məni xoşbəxt edirdi.
Bir dəfə jurnalist dostlardan biri Musa Yaqubdan müsahibə alacaqdı. Birgə getməyimizi təklif etdi. Əlbəttə, bu görüş üçün işdən icazə almaq, hətta işdən atılmaq da olar, ancaq belə bir təklifi rədd etmək mümkün deyildi. Mən də şairi çox görmək istədiyimi dedim. Musa Yaquba zəng elədik, "bu gün toya gedəcəyəm, tez gəlin" - dedi. Yubanmadan getdik. Şeirlərimdən də yaxşı bildiyim bir neçəsini seçib özümlə götürdüm ki, verərəm Musa müəllimə. Düzü, heç oxuyacağına inanmırdım, ancaq əmin idim ki, oxusa bəyənəcək. Buna görə özümü Musa Yaquba tanıtmaq istəyi, biraz da özümə inandığımdan şeirləri özümlə götürdüm.
Səhv etmirəmsə, şairin evi 8-ci mikrorayonda idi. Xeyli getməli idik. Səbirsizlənirdim. Musa Yaqub qapını açıb bizi gözləyirdi. Görüşdük, bizi içəri dəvət etdi, keçib oturduq. Jurnalist dostum vaxt itirmədən səsyazanı açıb sualları verməyə başladı. Mən də arada şəkillərini çəkirdim. Musa Yaqub əlləri əsə-əsə danışır, tez-tez şeirlərindən deyirdi.
...Qoyma üşüməyə çılpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi
Məni bu payızın içindən keçirt.
Elə bilirdim, yenə televizora baxıram. Tez-tez ona toxunmaq istəyirdim. Axır ki, şeirlərimi utana-utana, həyacanla təqdim etdim, Musa müəllim, bu şeirlərə vaxtınız olanda baxarsız - dedim. Üzümə və əlimdəki kağızlara baxıb: Boy, ay bala, sən də şairsən? Bəs bayaqdan niyə demirsən? Baxaram-baxaram - dedi. Onu görməkdən məmnun olduğumuzu bildirib müsahibə üçün təşəkkür etdik. Görüşüb sağollaşdıq. Qapıdan çıxan kimi jurnalist dostuma dedim ki: Qoca kişidir, Allah bilir, o kağızları hara tullayacaq. Sonra da yadından çıxacaq, oxuyan deyil, bilirəm, yox ey, oxuyan deyil. "28 may" metro stansiyasında dostumla xudahafizləşdik. Səməd Vurğun bağının yanıyla Ədalətin kafesinə tərəf getdim. Bu kafeyə günün hansı saatı getsən, şair taparsan.
Mənim bu kafedə ən çox oturub-durduğum adam isə şair deyil, müstəntiqdi.
Ədəbiyyat adamlarının çoxu onu yaxşı tanıyır. Ədəbi tədbirlərin birində bir şeirimi demişdim. Səhərisi gün telefon nömrəmi tapıb zəng eləmişdi. O gün-bu gün, əməlli-başlı dostlaşmışdıq. Məni kənardan gördü, həmişəki kimi ətrafındakı adamlardan ayrılıb gəldi, ikimiz ayrıca oturduq. Oturan kimi də deyirdi ki, təzə nə var? "Heç nə" - deyəndə də, qayıdırdı ki, onda köhnələrdən oxu. Mən isə bu dəfə şeir oxumaqdan vaz keçib Səlim müəllimə Musa Yaqubla görüşüməyimdən, bu görüşdən aldığım təəssüratlardan danışmağa başladım. Qəfil telefonuma zəng gəldi. Nömrəyə baxmadan cavab verdim. Səs tanış idi, elə bil, az öncə bu səsi hardasa eşitmişdim.
- Alo, ay oğul, ay bala, sən kimsən? Hardansan? Şeirlərini oxudum, çox xoşuma gəldi. Harda çap olunmusan?
Üstündən cəmi bir neçə saat keçmişdi, Musa müəllim toya gedəcəkdi. Bu zəng olacaqdısa belə bu tezliklə ola bilməzdi. Amma olmuşdu axı... Düzü, biraz duruxdum. Nə deyəcəyimi bilmirdim. Handan-hana dilləndim:
- Musa müəllim, "Azərbaycan" və "Ulduz" jurnallarında çap olunmuşam. O gün də şeirlərimi Rəşad müəllimə vermişəm. Yaxınlarda "525-ci qəzet"də çıxmalıdı.
- Mən sənin şeirlərin haqqında təqdimat yazmaq istəyirəm. Sabah gələ bilərsən?
Bu dəfə işdən icazə almaq yox, birbaşa çıxmaq lazım idi. Onsuz da fəhləyə hər yerdə iş var də, beş aşağı, üç yuxarı. Həm də elə bildim, mənə bir yaxşı iş təklif ediblər. Hətta bundan daha üstün nəsə...Sevincək:
- Əlbəttə, gələrəm - dedim.
Bakıya yenicə gəlmiş, ədəbi mühitdə yavaş-yavaş tanınmağa başlayan bir gənc şair haqqında Musa Yaqub kimi şair yazı yazacaqdı. Ay kişi, Musa Yaqub ey, Musa Yaqub! Mən özümü necə də xoşbəxt hiss edirdim, ilahi! O kafedən necə çıxdım, kirayə qaldığım evə necə getdim heç özüm də bilmədim. Yəqin ki, gecəni də rahat yata bilməmişdim. Bu hal illər sonra, məsələn, indi baş versəydi yəqin ki, o günkü kimi sevinməyəcəkdim, sevinə bilməyəcəkdim.
Sabahısı gün tərpəndim Musa Yaqubgilə. Məni bir xeyli üzümə və özümə təriflədi. Ağ kağız gətirdi, oturdu və qələmi götürdü. Biraz yazdı. Əlləri aramsız əsdiyindən davam edə bilmədi, dedi: - Mən deyəcəm, sən yaz.
Otaqda var-gəl edə-edə diktə elədi. Dedi, kitabın çap olunanda yaxşı bir Ön söz də yazaram. Sonra, bu yazı elə "525-ci qəzet"də çap olunacaq şeirlərlə birgə getsin düşüncəsi ilə Rəşad Məcidə zəng elədi. Rəşad müəllim dedi ki, elə indi onun şeirlərini oxuyuram, mən də bir yazı yazmaq istəyirdim, sabah çapa gedəcək, yazını götürsün, gəlsin. Musa Yaqub axırda telefonda dedi ki: - Ay Rəşad, sən Allah, bu uşaqdan muğayat olun...
Sabahısı gün Musa Yaqubun və Rəşad Məcidin təqdimatında "525-ci qəzet"də şeirlərim çap olundu. Rayonlardan, universitetlərdən təbrik, tərif zəngləri gəldi, mesajlar yazdılar. Bu yazı məni şair kimi bir xeyli insana tanıtdı. Günlərlə bu hissin təsirindən çıxa bilmədim.
O gündən sonra Musa Yaqubla bir də görüşə bilmədim. Arada zəng edib kefini xəbər alırdım. Həmişə də soruşurdu ki: bala, yazırsanmı?
Bu dünyanın közərən işığını öləziməyə qoymayan tək-tük adamlardan biridir Musa Yaqub. Yaxşı adamların bir-bir yoxa çıxdığı zamanda belə adamların o tərəfə gedən yolunu kəsmək istəyir adam. Qarşısına keçib demək istəyir ki: "Getmə! Bizi qaranlıqlara tapşırma, şair!"
Göte deyirdi ki, indiki şairlər öz mürəkkəblərinə həddən çox su qatırlar. Musa Yaqub mürəkkəbi xalis mürəkkəbdir. Çünki o, içini duru saxlamağı bacarıb. Onunla təmasda olanda insan özündə qəribə bir yüngüllük hiss edir. Musa Yaqubdan içib toxdamaq, keçib durulmaq olar...
Müxtəlif insanların müntəzəm olaraq üç-üç, beş-beş toplaşıb İsmayıllının Buynuz kəndinə gedib Musa Yaquba baş çəkməsi bir ocağı ziyarət etməyə bərabərdir. Bu ocağı ziyarət edib, Musa Yaqubun hələ uzun zaman aramızda qalması üçün niyyət tutmaq lazımdı. Öz aramızdı, "Öyrətmə özünə, öyrətmə məni" deyən şairə elə öyrənmişik ki, həlimliyilə canımıza, qanımıza elə hopub ki, elə bilirik, o getsə, bu dünyanın qara daşı kimi əkdiyimiz toxumlar da göyərməyəcək...
İlahi, Musa Yaqubu bu payızın içindən keçirt...
Qazaxıstan, Türküstan