Seymur Baycan
90-cı illərin ortalarında "28 May" metrostansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə ayaqqabı satırdım. Oranın necə bir yer olduğunu ifadə edə bilməyəcəm. O istedadın sahibi deyiləm. Bircə onu deyə bilərəm ki, tale məni vaxtından əvvəl cəhənnəmə atmışdı. Ülvi duyğularla yaşayan, xəyalpərəst, az-çox bəşəri dəyərlərdən artıq xəbər tutmuş bir gənc olaraq orada cəhənnəm əzabı çəkirdim. Maddi və ruhi vəziyyətim bərbad gündə idi. Müharibə nəticəsində hər şeyimizi itirmişdik və mənim kimi utancaq, çəkingən bir gənc yeraltı keçiddə tamam yad adamların arasında ayaqqabı satmağa məcbur olmuşdu.
Ruhi vəziyyət maddi vəziyyətdən də ağır idi. Rəğbət bəslədiyim siyasi lider siyasət meydanından biabırcasına birbaşa öz kəndinə qaçmışdı. Mənsub olduğum siyasi düşərgə davamlı olaraq məğbuliyyətə uğrayır və biz gülüş obyektinə çevrilirdik.
Yeraltı keçiddə çox az adamla ünsiyyətdə olurdum. Orda bir tikə çörək uğrunda dəhşətli mübarizə gedirdi. Adamlar bir tikə çörək üçün bütün bəşəri dəyərləri, insanlığı ayaqlar altına atırdılar. Mənim üçün tamam yad olan mühitdə, artıq ədəbiyyatla yetərincə zəhərlənmiş bir gənc olaraq kiminləsə ünsiyyətdə olmaq, dərdləşmək, kiməsə inanmaq çətin idi. Ünsiyyət heç cür alınmırdı. Gözümün qarşısında iki-üç manat əldə etməkdən ötrü insanlar imam, peyğəmbər, ana, quran, çörək, balalarımın canı deyib, hər şeyə yalandan and içirdilər. Cibgirlər gözümün qarşısında qoca qadınların, yaxud övladına məktəb bazarlığı etməyə gəlmiş kasıb adamların pulunu oğurlayırdılar. Axşam isə həmin pulla vağzal yaxınlığındakı kafelərdə yeyib-içirdilər. Bütün bu mənzərələri görəndə dəhşətə gəlirdim, heç cür bu mənzərələri həzm edə bilmirdim. Özümü aciz hiss edirdim. Bir sualdan çox qorxurdum - görəsən, mən də nə vaxtsa onlar kimi olacam?
Burda heç kimi xilas etmək mümkün deyildi. Sən görürsən ki, bir qadının çantasından pul çıxarıldı. Bir azdan o qadın ağlaya-ağlaya əbəs yerə pulunu axtarır. Üstəlik, bütün bu iyrəncliyə "bacarana can qurban" adı qoyulmuşdu.
İki-üç adamla salam-əleyküm səviyyəsində münasibətim vardı. Həmin adamlardan biri ilə günortalar bir yerdə nahar edirdik. Çünki lap əzəldən bir axmaq xasiyyətim var. Acından ölürəm, amma tək çörək yeyə bilmirəm. Həmsüfrəm sifətdən İbrahim Tatlısəsə oxşayırdı. Bunu ona tez-tez deyirdilər. İnsafən, o, başqalarından bir az seçilirdi. Onu başqalarından bir az fərqləndirən isə onun başqalarından bir az vicdanlı olması idi. Deyildiyi kimi, günahın böyüklüyü vicdanın həssaslığı ilə münasibdir. Vicdan nə qədər həssasdırsa, günah hissi bir o qədər böyük olacaq. Vicdanı olmayan adam heç bir əməli özünə günah hesab etməyəcək. Bəli, sifətdən İbrahim Tatlısəsə oxşayan həmsüfrəm bir az o birilərdən vicdanlı idi. Aldadırdı, amma kimi aldatmaq məsələsində bir az seçim edirdi.
Günlər keçdikcə o, İbrahim Tatlısəsə oxşamağına inanmağa başladı. Çünki İbrahim Tatlısəsə oxşadığını ona tez-tez deyirdilər. Belə olduğu halda həmsüfrəm özünü bir az da məşhur müğənniyə oxşatdı və nəticədə həyatında dəyişiklik baş verdi. O, asanlıqla qadınlarla tanış olurdu. Qadınlar onu görəndə açıq-aşkar deyirdilər: "Ona bax, necə İbrahim Tatlısəsə oxşayır". Bu sözü deyənlərin arasında hər cür qadın vardı. İbrahim Tatlısəsin şöhrəti artdıqca həmsüfrəmin həyatındakı dəyişikliklər də asanlaşırdı. O, işə gec gəlib işdən tez gedirdi. Geyimi dəyişmişdi. Kökəlmişdi. Cavanlaşmışdı. Hər şey ona mümkün və asan görünürdü. Başına gələnləri mənə danışırdı. İbrahim Tatlısəsə oxşadığına görə onu evlərə qonaq çağırırdılar. O, müftə yeyib-içir və asanca pul qazanırdı. Qadınlar tez-tez onu sevindirirdilər. Bütün bunlar çox asanlıqla baş verirdi və bütün bunların asanlıqla baş verməsinin bir səbəbi vardı - o sifətdən İbrahim Tatlısəsə oxşayırdı.
Bir müddətdən sonra həmsüfrəm yeraltı keçidi tərk etdi. Zatən belə də olmalı idi. Proseslər buna doğru gedirdi. Mən onu çox sonralar gördüm. Kitab mağazasından çıxırdım. Çox az kitab satılmışdı, üstəlik, satılan kitabların pulunu da ala bilməmişdim. Xalqı, taleyimi, ümumiyyətlə bütün planeti lənətləyə-lənətləyə, söyə-söyə fikirli, qəzəbli bir halda yolu keçərkən bir qara maşın qarşımda dayandı. Siqnal verdi. Sürücü başını çıxarıb məni söydü. Bu, həmin adam idi. Sifətdən İbrahim Tatlısəsə oxşayan keçmiş həmsüfrəm. Yolun kənarında dayanan bir neçə adam necə ağır söyüş qazandığımı gördü. Növbə mənim idi. Qeyrətimi göstərməli idim. Lakin zorakılıq anlayışından uzaq olduğum üçün söyüşə söyüşlə cavab vermədim. Tez-tələsik kim olduğumu dedim, bir nəfəsə keçmiş günləri adama xatırlatdım. Bir olan Allaha şükürlər olsun ki o, məni tanıdı. Maşını qarşıda saxladı. Maşından düşdü. Hal-əhval tutdu. Söyüşə görə üzr istədi.
Soruşdu nə işlə məşğulsan? Dedim, nə bilim, jurnalist işləyirəm, işim yazmaqdı. Əlbəttə, bütün bunlar ona çox gülməli göründü. Məlum oldu ki, həmsüfrəm sifətdən İbrahim Tatlısəsə oxşamağını daha da qiymətləndirib və fəaliyyətini daha da genişləndirib. Allahın ona bəxş etdiyi lütfü bir şans kimi deyərləndirməyi bacarıb. Onu toylara aparırlar. Toylarda o fonoqramla İbrahim Tatlısəsin bir-iki mahnısını ifa edir. İbrahim Tatlısəs kimi əl-qol atır. İbrahim Tatlısəs kimi danışır. Adamlar onunla şəkillər çəkdirirlər. Cibinə pul basırlar. Rusiyada yaşayan azərbaycanlılar onu öz övladlarının toyuna, ad gününə çağırırlar. O danışdıqca mən öz özümə düşünürdüm: "İlahi, gör mən hansı insanların arasında yaşayıram. Bu, nə iyrənc bayağılıqdı? Hansı günahın yiyəsiyəm ki, bu adamların arasında yaşamağa məhkumam? Bu dərəcədə səviyyəsizlik olmaz. Ürəyim bulanırdı. Birtəhər adamla sağollaşıb aralandım.
Bu görüşün üstündən təxminən bir il keçmiş olardı. Evdə çörək yeyirdim. Anam başda olmaqla iki-üç arvad toy kasetinə baxırdı. Ekranda görünən hər kadra münasibət bildirib boş-boş danışırdılar. Filankəsin gəlini arıqlayıb, filankəsə yubka yaraşmır, bu filankəsin nişanlısıdı, bu gömrükdə işlə-yir, bunu türmədən təzə buraxıblar, bunun nişanın qaytarıblar, yeməklər yaxşı deyildi, aşı gec gətirdilər, oğlan tərəfi özün vəhşi kimi aparırdı, qız tərəfin adamları varlı idilər, müğənni həvəssiz oxuyurdu... Qərəz, bildiyiniz söhbətlər. İş yox, güc yox. Birdən mən ekranda keçmiş həmsüfrəmi gördüm. Onu toya çağırmışdılar. Doğurdan da tamada onu-böyük təmtəraqla arenaya dəvət etdi. O, türk dilində toya gələnləri salamladı, bəylə gəlinə xoşbəxtlik arzuladi. Zalda alqışlar qopdu. Mən bu səhnələrə baxdıqca vəziyyətin ağırlığını dərk edirdim. Sifətdən İbrahim Tatlısəsə oxşayan keçmiş həmsüfrəm fonoqramla iki mahnı oxudu. Bütün bunlardan xəbərdar idim, keçmiş həmsüfrəm özü bunları danışmışdı, amma hardasa bunun belə olmadığına inamım vardı. Daha doğrusu, vəziyyətin bu dərəcədə ağır olmasına inanmaq istəmirdim. Dəhşətli kadrlar idi. Necə oldusa, bu adamı tanıdığımı dedim. Dedim ki, o vaxt onunla bir yerdə "28 May" metrosunda, "podzemka"da ayaqqabı satmışam. Sözün açığı, deyəsən, özüm də həyatda heç bir zibilə yaramadığımı, yanımda oturub toy kassetinə baxanlar üçün heç bir əhəmiyyət kəsb etmədiyimi artıq tamam dərk etmişdim. Ona görə bir balaca hörmət qazanmaq üçün sifətdən İbrahim Tatlısəsə oxşayan adamı tanıdığımı, həyatda görüşdüyümüzü, hətta bir neçə dəfə çörək yediyimizi ətraflı nəql etdim. Anam və xalam belə bir mübarək adamı həyatda şəxsən tanıdığıma görə xeyli sevindilər. Sonra anam ayağa qalxdı. Toyda çəkdirdiyi fotonu mənə verdi. Fotoda bir topa adam sifətdən İbrahim Tatlısəsə oxşayan keçmiş həmsüfrəmin başına yığışmışdılar. Anam da onların arasında idi və çox xoşbəxt görünürdü. Mən fotoya baxdım, baxdım, baxdım... Sonra başımı masanın üstünə qoyub, gözlərimi yumaraq öldüm...