Gürcüstan prezident seçkisi: namizədlər kimdir?

Gürcüstan prezident seçkisi: namizədlər kimdir?
27 Oktyabr 2018
Mətni dəyiş

Gürcülər oktyabrın 28-də axırıncı dəfə birbaşa səsvermə yolu ilə prezident seçəcəklər. 

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək, ölkənin beşinci prezidenti seçiləcək. Bu, sonuncu birbaşa prezident seçkisidir, 2024-cü ildən etibarən o, parlament tərəfindən seçiləcək.

Namizədlər kimlərdir?

Gürcüstan Mərkəzi Seçki Komissiyası 25 namizəd qeydə alıb, lakin bu siyahıdakı adların yarısı orta statistik seçici üçün heç bir şey ifadə etmir. Tanınan namizədlər arasında da yüksək reytinqli siyasətçilər azdır.

Prezident seçkilərinin beş lideri aşağıdakılardır:

• İqtidar partiyası tərəfindən dəstəklənən müstəqil namizəd Salome Zurabişvili;

• Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanı idarə edən, indiki müxalifət Milli Hərəkat Partiyasını təmsil edən Qriqol Vaşadze;

• David Bakradze - müxalif, Milli Hərəkatın parçalanması nəticəsində ortaya çıxan "Avropalı Gürcüstan" Partiyasını təmsil edir;

• Fəhlə Partiyasının lideri Şalva Natelaşvili, 1990-cı illərdən etibarən Gürcüstanın siyasi həyatında fəal iştirak edir;

• David Usupaşvili, Azad Demokratlar adından çıxış edir. Keçmişdə Respublikaçı Partiyaya rəhbərlik edib, hökumət koalisiyasının liderlərindən biri olub, həmçinin parlamentin spikeri olub.

Kimin şansı çoxdur?

Gürcüstanda keçirilən bir neçə ictimai rəy sorğusuna əsasən, bunlardan üçü ən güclü mövqe tutur: çoxu tərəfindən hökumətin adamı olaraq bilinən Salome Zurabişvili, eks-prezident Saakaşvilinin yaxını Qriqol Vaşadze və Saakaşvilinin başçılığı altında olan “Millilərdən” ayrılan David Bakradze.

Bu üç namizədin hər biri “öz” sorğusunu keçirib; hər biri də öz sorğusunda ən sevimli namizəd olaraq ortaya çıxıb.

Seçkiqabağı kampaniya necə keçdi?

Bir çox müşahidəçi deyir ki, bu seçki dövrü daha öncə görünməmiş qalmaqallarla yadda qalıb. Bəzi namizədlər seçki kampaniyalarını qara PR və əks-təbliğat üzərində qurublar. Xüsusilə Zurabişviliyə qarşı genişmiqyaslı kampaniya keçirilib. Müxaliflər onu yalnız siyasi baxışları və açıqlamalarına görə yox, həmçinin onun danışıq tərzinə, gürcü dilində çıxışında buraxdığı səhvlərə və fransız ləhcəsinə görə tənqid ediblər. Gürcü media tədqiqatçıları hesab edirlər ki, prezidentliyə namizədlər arasında əksər hallarda ksenofob ifadələrin ünvanı Zurabişvili olub. "Seçkiqabağı müzakirələrdə nifrət dili" araşdırmasına görə, bu cür hallarda adiləşmiş cinsi ayrı-seçkiliklə yanaşı, bu namizədə dini etiqadı ilə bağlı təhqirlər ünvanlanıb və ona qarşı zorakılığa təşviq edən ifadələr səslənib.

Kompromatların müharibəsi

İqtidar partiyası və müxalifət fəal şəkildə bir-birinə qarşı kompromat mübadiləsi ediblər. Səs yazılarının birincisi müstəqil telekompaniya Rustavi-2 tərəfindən yayımlanıb: bu, Gürcüstan rəsmilərinin bir sıra cinayətlərdə, o cümlədən işgəncə, adam oğurluğu və korrupsiya ilə bağlı məsələlərdə iştirakı haqqında idi. Buna cavab olaraq, Gürcüstan prokurorluğu səs yazısı ictimailəşdirib - orada deyilir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili milyarder Badri Patarkatsişvilinin öldürülməsini sifariş verib (o, on il əvvəl ürəktutmadan ölüb).

Rusiyayönümlü namizədlər

Əvvəllər olduğu kimi yenə də gürcü seçici üçün açıq rusiyayönümlü proqram cəlbedici deyil, buna görə də “rusiyayönümlülük” namizədlər arasında qara piar elementi olaraq istifadə olunur. Beləliklə, Milli Hərəkat namizədi Qriqol Vaşadzenin Rusiya keçmişini rəqibləri bağışlamırlar (Vaşadze uzun müddət Moskvada yaşamış diplomatdır). Bu namizədin rəqibləri Tbilisidə onunla bağlı plakatlar asıblar, burada, o, Putinin qucağında uşaq şəklində təsvir olunub.

Salome Zurabişvilini də Kremlin maraqlarını müdafiə etməkdə günahlandırırlar. Onun 2008-ci ilin avqustunda baş verən müharibə ilə əlaqədar verdiyi şərhlər buna səbəb olub. Zurabişvili hesab edir ki, Gürcüstan-Rusiya müharibəsini Gürcüstan başladıb, bu isə Gürcüstanda çoxu üçün elə də populyar olmayan və ağrılı bir versiyasıdır (qəbul edilmiş versiyaya əsasən Rusiya tərəfindən planlaşdırılan hücum barədə məlumatlı olmaqla birgə Gürcüstan öz qüvvələrini Cənubi Osetiyanın separatçı təxribatlarına cavab olaraq irəli sürüb).

"Rusiya yüz il əvvəl Gürcüstana qarşı müharibəyə başlayıb" - Zurabişvili avqust müharibəsinin kimin başlatdığı ilə bağlı jurnalistlərin birbaşa sualını cavablandırarkən belə deyib. Buna baxmayaraq, onun sözlərinə görə, 2008-ci ilin avqustunda "Məhz Gürcüstan Rusiyanın təxribatına gedib və münaqişənin yeni bir mərhələsinə səbəb olub".

Bu seçkilər niyə vacibdir?

2010-cu ildə Konstitusiyaya edilən düzəlişlərdən sonra Gürcüstanda prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə azalıb; 2017-ci ildə qəbul edilən dəyişikliklər nəticəsində daha da azalacaq.

"Gürcüstan parlament respublikası olmasına baxmayaraq, prezident postu olduqca vacibdir, çünki o, potensial olaraq real xalq lideri ola bilər. Prezident 2020-ci il parlament seçkilərində müxalifəti birləşdirə bilər", - politoloq Xatuna Laqidze bildirib.

Seçkilərin özü də vacibdir - ekspertlər hesab edir ki, bununla ölkənin əsas müxalif qüvvəsi müəyyən ediləcək - "Milli Hərəkat" və ya "Avropalı Gürcüstan".

"Gürcü arzusu [hakimiyyət partiyası] indi məğlub olsa, 2020-ci ildə parlament seçkilərində qalib gəlmək çox çətin olacaq. Müstəqil Ekspertlər Klubunun siyasi analitiki Ramaz Sakvarelidze Kavkazskiy Uzelə belə bildirib. "Partiyanın reytinqi və xalqın münasibəti prezident seçkisindən asılıdır", - o əlavə edib. Onun fikrincə, müxalifət namizədinin prezident seçkilərində qələbə qazanması, seçicilərin öz namizədlərini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.

JAMnews və Kavkazskiy Uzelin materialları əsasında
Meydan.tv

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun