Aytən Məmmədova
Yəqin ki, Ron Vudruf adı sizə heç nə demir. ABŞ-ın Texas ştatında doğulan elektrik ustası, “Dallaslı Alıcılar Klubu”nun yaradıcısı…
Ron 35 yaşına qədər sıradan həyat keçirmişdi. QİÇS-ə yoluxmaq hər şeyi dəyişdi. Xəstəxanada ona dedilər ki, uzağı bir ay yaşayar. Vudruf razılaşmadı. Vuruşdu. Təkcə həyatda qalmaq üçün yox, həm də səhiyyə sisteminə qarşı. QİÇS xəstələrinin qadağan olunmuş lazımi preparatlardan istifadəsi üçün vuruşdu. Polis, məhkəmə qarşısında dayandı, amma təslim olmadı. Vudruf deyirdi:“Mən onsuz da əvvəl-axır öləcəm. Amma indi yalnız mübarizədə ölməyi üstün tuturam…”
Bəzən adam Vudruf kimi üzünü səhiyyə sisteminə tutub “siz düz eləmirsiz” deyə bağırmaq istəyir. Fəlsəfəyə varmaq çıxmasın, sanki Hippokrat andını unutmuş bir xeyli adam axırımıza çıxmaq fikrindədir, kəsib-doğramaqdan başqa heç bir iş görmür. Bir qohumun səhhətində problem yarananda həkim təxminən belə cümlə işlətmişdi:“Biz yalnız kəsə bilərik”.
Bu ölkədə əksər hallarda ağır xəstəliyə düçar olmuş adamın yaxınlarından eşitdiyi ilk ifadə “get İrana” olur. Hər il on minlərlə xəstə qonşu ölkəyə üz tutur. Çünki Azərbaycan səhiyyəsinə inanmırlar. Səhv diaqnozlar, keyfiyyətsiz dərmanlar, rüşvətin tüğyan eləməsi, həkimlərin məsuliyyətsizliyi adamlarda yerli səhiyyəyə böyük inamsızlıq yaradıb. Nə qədər eşitmişik, burada xərçəng diaqnozu qoyulan adamın başqa ölkələrdə, lap elə İranda müayinədə sağlam olduğu üzə çıxıb.
Uzun illər Tibb Universitetinə rəhbərlik etmiş, deputat Əhliman Əmiraslanovun təxminən on gün əvvəl parlamentdə Azərbaycan səhiyyəsi barədə dediklərini bir dostumuzla müzakirə edirdik. Cənab Əmiraslanov deyir ki, “Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur”.
Dostumuzun maraqlı reaksiyası oldu:“Normal ölkələrdə bir şirkəti idarə eləmək Azərbaycanı idarə eləməkdən daha çətindir. Orada şirkətin adi xadiməsi də hüququnu bilir, haqqını tələb edir, onu heç nədə aldada bilməzsən, dediyin hər kəlmənin arxasında dayanmalısan. Bizdə isə heç bir məsuliyyət hiss eləmədən, ağızlarına gələni danışırlar. Kimdi sorğulayan?! Onlar da bunu yaxşı bilirlər və uyğun da davranırlar…”
Adam haqlıdır. Əks halda, qanqrena olmuş ayağın əvəzinə sağlam ayağın kəsildiyi, xəstəxanada işıqlar söndüyünə görə, küvəzdəki uşaqların öldüyü ölkənin parlamentinin Səhiyyə Komitəsinin sədri belə danışa bilməzdi…
Bölgələr bir yana, paytaxt Bakıda 56 yaşlı Nizami Mirzəyev adi arı sancmasından ölürsə, Əhliman Əmiraslanov bunu necə deyə bilir axı?! Bunu anlamaq üçün də, söyləmək üçün də Əhliman müəllim olmaq lazımdı…
Bir müddət Azərbaycanda çalışmış türkiyəli həkim Hamdi Köçər bizim səhiyyəmiz, xüsusən özünün də mütəxəssis olduğu onkologiya sahəsi barədə bilirsinizmi nələr deyirdi?
“Azərbaycanda iki mindən çox xərçəng xəstəsi gördüm, onlardan min nəfərinə həkimlər əməliyyat yazmışdılar. Halbuki, uzağı yüzünün əməliyyata ehtiyacı vardı…”. Hamdi bəyin müsahibəsindən iki cümlədir. Nə qədər acınacaqlı durumda olduğumuzu sübut edən iki cümlə…
Nazirlərdən danışmırıq, orta ranqlı məmur göstərin ki, özünün, doğmalarının sağlamlığını Azərbaycan səhiyyəsinə etibar edir. Səhiyyə nazirinin özü Azərbaycan səhiyyəsinə güvənməyib, şəfanı kənarda axtarırsa, baş nazirin müavini, hətta dişlərini düzəltdirməkdən ötrü Almaniyaya gedirsə, siz nədən danışırsınız, Əhliman müəllim?
Gəncənin sabiq icra başçısı Elmar Vəliyev nümunəsi var gözümüzün önündə. Adam baş nahiyəsindən güllələndi, sağaldı. Elmar müəllimin pulu vardı, xaricdəki tibb mütəxəssislərinin, israilli həkimlərin sayəsində ayağa qalxdı. Ancaq nə pulu, nə də tibbi sığortası olan biçarələr burada arı sancmasından ölüb gedir…
Azərbaycanda normal, keyfiyyətli səhiyyə üçün öncə rüşvətxorluq, acgözlük, yaltaqlıq kimi daha ağır xəstəliklərin müalicəsinə ehtiyac var. Nə qədər ki, bu xəstəliklər ölkəni caynağına alıb — həkim xalatını geyinmək üçün pul, əmi-dayı tibbi savaddan daha üstün meyardır, insanların sağlamlığı keyfiyyəsiz dərmanlarla sınağa çəkilir, arı sancmasından ölənlərin sayı da çox olacaq. Adamlar sanki təcrübə dovşanıdır – uğurlu alındısa, lap yaxşı, alınmadı, öldüsə, neyləmək olar, Allahın əcəlidi…
Vudruf sözünə əməl elədi, sona qədər vuruşdu. Ron ömrünü daha 7 il uzatdı…