19 Oktyabr 2018
Mətni dəyiş
Elnur Astanbəyli
Bəlkə çoxunuz ümumiyyətlə unutmuşdunuz, heç xatırlamadınız da – dünən, 18 oktyabr Müstəqillik günü idi.
Modern, çağdaş dünyada hər bir ölkənin tarixindəki ən anlamlı, ən önəmli gün məhz onun müstəqilliyi, istiqlalı ilə bağlı gündür.
Bəs bizdə nə qədər insan onun fərqinə vara bildi?
Nə qədər insan onu gerçək bayram kimi yaşadı?
Nə qədər insan yolda, küçədə bir-biri ilə görüşüb salamlaşdıqdan sonra onun bayramını qutladı?
Nə qədər insan bir-birinə telefon açıb bayramlaşdı?
Sosial şəbəkələrdəki standart, quru təbrik statusları, tvitləri istisna olmaqla, neçə ildən bəri olduğu kimi, bu 18 oktyabr da, həyatımızdan adi, sıradan bir gün kimi gəlib keçdi.
Təəccüblüdürmü? Əsla!
Təəssüf ki, tariximizin bir çox önəmli, əlamətdar günləri kimi Müstəqillik günü də artıq olsa-olsa, təqvim hadisəsidir. 18 oktyabr hər keçən gün bizim üçün daha az məna, daha az anlam, daha az dəyər ifadə edir.
Səbəbi çox sadədir: biz müstəqilliyi azadlıqla, hüquqi-demokratik dövlətlə, bəşəri dəyərlərlə, çağdaşlıqla süsləyə bilmədik.
Azadlıq yoxdursa, müstəqillik əfsanədir.
Müstəqilliyin həqiqi dəyəri hüququn üstünlüyünə və milli iradənin əgəmənliyinə söykənən, insan haq və azadlıqlarını toxunulmaz qılan, hər kəsin özgürcə, bərabərcə yaşadığı, ədalətli bir dövlət sisteminin qurulduğu ölkədə anlaşıla bilər.
Hakimiyyətin tayfa-klan prinsipləri ilə müəyyənləşdiyi, bir ovuc adamın bütün yeraltı-yerüstü sərvətlərə sahibləndiyi, hər kəsdən yalnız bir nəfərin ağlı ilə düşünüb, bir nəfərin ağzı ilə danışmağın tələb olunduğu, hər cür fərqli fikirin, tənqidçi düşüncənin yasaq edilməyə çalışıldığı, “mənim kimi düşünməyən mənim düşmənimdir!” zehniyyətinin idarəetmə prinsipinə çevrildiyi, soyğunun, talanın, yalanın, yaltaqlığın, üzəduranlığın, işverənliyin milli dəyər kimi sırındığı bir şəraitdə Müstəqillik gününün həyatımızda heç bir bayram ovqatı, heç bir şölən havası buraxmadan keçib getməsindən təbii nə ola bilər?
Bu ölkənin istiqlalı adına meydanlara axışmış, məşəqqətlərdən keçmiş minlərcə insan əgər indi çoxluq tərəfindən “Bu idi müstəqillik? Nə qazandıq müstəqillikdən, müstəqil olduq, ağzımız balamı batdı?” deyə töhmət, qınaq yeməyə başlayıbsa, hər keçən gün Sovet nostaljisi daha çox insanın qəlbinə hakim kəsilir, “onda da söz azadlığı yox idi, onda da seçki azadlığı yox idi, onda da düşüncə, inanc azadlığı yox idi, amma heç olmasa yeməyə bir qarın çörəyimiz vardı, pulsuz təhsil, pulsuz səhiyyə vardı…” deyənlərin sıraları genişlənirsə, 18 oktyabrın həyatımızdan adi, sıradan bir gün kimi ötüb keçməsinin nəyinə təəccüblənək?!
27 il öncə bu ölkə insanının gələcəklə bağlı necə böyük ümidlərlə, hansı gözəl arzularla, xəyallarla yaşadığını xatırlayaq, bir də bu gün – 2018-ci ildə gəldiymiz nöqtəyə baxaq. Monarxiya, korrupsiya, monopoliya, çağdışı idarəetmə ömrümüzə oturub. Təqvim bu ölkədə XXI yüzili göstərir bəlkə; amma reallıqda orta çağları yaşayırıq. Şahlıq, hüquqsuzluq, ədalətsizlik, köləlik, inkvizasiya, daha nələr, nələr… – bunların hamısı Azərbaycanın acı, ağrılı gerçəkliyinə çevrilib. Modern dünyanın mən deyim 300 il, siz deyin 500 il, 1000 il gerisində bir Azərbaycan var bu gün. Durum beləykən, çoxlarının hətta 18 oktyabrın – Müstəqillik gününün yerli-dibli fərqində olmamasında qəribsənəcək nə var?!
Qısası, bu ölkədə hər kəsin öncəliyi çağdaş, modern, hüquqi-demokratik dövlət, azad cəmiyyət qurmaq olmalıdır.
Bu ölkədə azad seçki keçirilsin, azad fikir, azad düşüncə, azad məhkəmə, azad inanc bərqərar olsun, ədalət və hürriyyət zəfər çalsın, o zaman müstəqilliyin nə qədər böyük, nə qədər şirin nemət olduğu da ortaya çıxacaq, Müstəqillik gününün nə qədər anlamlı, nə qədər dəyərli bir bayram olduğu da!