Vəkillər Kollegiyasının sədri: "Vəkil Fəxrəddin Mehdiyevlə bağlı qərar ədalətlidir"

Vəkillər Kollegiyasının sədri: "Vəkil Fəxrəddin Mehdiyevlə bağlı qərar ədalətlidir"
23 Yanvar 2018
Mətni dəyiş

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə 1 illik xitam verilib.

Bu barədə BBC Azərbaycancaya danışan vəkil qərarı qanunsuz saydığını bildirir.

Fəxrəddin Mehdiyevdən şikayətçi Baş Prokurorluq olub. Onun haqqında müraciət Vəkillər Kollegiyasına göndərilib.

Fəxrədddin Mehdiyev deyir ki, Baş Prokurorluq hüquqlarını müdafiə etdiyi Cahangir Haciyevlə (Beynəlxalq Bankın keçmiş sədri, hazırda 15 il müddətinə azadlıqdan məhrum edilib) bağlı onun yerli mətbuatda dərc olunmuş müsahibəsini əsas gətirərək Vəkillər Kollegiyasına şikayət edib. Ancaq o əlavə edir ki, müsahibədə istintaq materiallarından danışılılmayıb.

Cənab Mehdiyevin fikrincə, onun bir illik vəkillikdən uzaqlaşdırılması "sadəcə, bir bəhanədir".

"Əsas məqsəd budur ki, fəaliyyətimə xitam verilsin. Sadəcə olaraq, hələlik belə adlandırıblar"- Fəxrəddin Mehdiyev deyir:

"Biz o yazıda Cahangir Haciyevin hüquqlarını müdafiə etmişik və onun qanuni hüquqlarını müdafiə etmək vəkili kimi bizim vəzifəmiz idi".

Vəkil bu qərarla bağlı məhkəməyə müraciət edəcəyini bildirir.

"Vəkilin əməlində pozuntu aşkarlanıb"

"Vəkillər Kollegiyası İntizam komissiyasının rəyi ilə tanış oldu və vəkilin əməlində pozuntu aşkarladığı üçün onun cəzalandırılmasına qərar verdi", Vəkillər Kollegiyasının sədri Anar Bağırov BBC Azərbaycancaya deyir.

Anar Bağırov qərarlarının ədalətli olduğunu düşünür, amma deyir ki, Fəxrəddin Mehdiyev qərardan məhkəməyə müraciət edə bilər.

Anar Bağırov "ictimai-siyasi fəalları müdafiə edən vəkillərin cəzalandırılması" iddiası ilə razılaşmır, deyir ki, Cahangir Hacıyev "siyasi fiqur deyil".

"Fəxrəddin Mehdiyev müdafiə etdiyi siyasi fiqurlara görə cəzalandırılmır. Elə bir şey olsaydı, o, həmin adamları müdafiə edəndə cəzalandırlardı".

Anar Bağırov vurğulayır ki, bir illik müddət bitəndən sonra Fəxrəddin Mehdiyev öz fəaliyyətini davam etdirə biləcək. "O, Vəkillər Kollegiyasının üzvüdür, Kollegiyadan xaric edilməyib, sadəcə, tənbel olunub", sədr deyir.

Cahangir Hacıyevin hüquqlarını müdafiə etmiş və sözügedən müsahibə ilə bağlı adı hallanan digər vəkili Aqil Layıc isə töhmət alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun