Zamin Hacı
Söz verdiyim kimi, kinomuzun vəziyyəti haqda fikirlərimi yazmaq istəyirəm. Ancaq şablon çıxmasın, bu həm çox asandır, həm də çətindir. Asandır ona görə ki, Azərbaycan kinosunun harasından dartsan cır-cındır töküləcək və tənqidçi üçün bunu toparlayıb yazmaq su içmək kimidir. Çətindir ona görə ki, əslində Azərbaycan kinosu deyə bir zad, ümumiyyətlə, yoxdur. Bilmirəm bu afyorizmin müəllifi kimdir, ancaq yaman deyilibdir: “Üç cür kino vardır. Yaxşı kino, pis kino, bir də Azərbaycan kinosu”. Yəni Azərbaycan kinosu elə bir kateqoriyadır ki, bunu heç pis kinonun da şkafına qoymaq olmur.
Özü də bu təkcə bizim son illər çəkilən, artıq sayı-hesabı itməkdə olan “irişmə” janrlı filmlərimizə aid deyil. Bəzi yanlış təsəvvürlər, rəylər var ki, guya SSRİ zamanında bizim kino sənəti nəsə fontan vururmuş, müstəqillikdə o baza dağılıbdır, bulaq quruyubdur və sairə. Yazıqlar olsun ki, belə deyil. Bizim kino elə o vaxt da bərbad, heç bir siması, gözəlliyi, ekran sifəti olmayan şey idi. Həmişə düşünərdim: görəsən bizim telekanalizasiyalar niyə eyni filmlərimizi göstərirlər? Bunlar barmaqla sayılası kinolardır. Sovet dövründə də, indi də əsasən bunlar efirə verilir. Ad çəkmək istəmirəm, özünüz yaxşı tanıyırsınız. Sitatları da dillər əzbəridir. Niyə ki, lap elə bəzilərini burda yazım: “Əhməd haradadır”, “Şərikli çörək”, “Yol əhvalatı”, “Babək”, “Dədə Qorqud”, “Papaq”, “Bəyin oğurlanması” və sairə. Üst-üstə heç 20 film olmaz. Halbuki sovet dövründə bizim kino sənayemiz (o vaxt bu, sözün əsl mənasında sənayenin bir sahəsi idi, Dövlət Plan Komitəsi hər il neçə kino qayrılacağını planlaşdırırdı) saysız-hesabsız filmlər çəkibdir. Bəs onları niyə göstərmirlər? Öncələr düşünürdüm ki, yəqin müəllif hüququ, rejissorla anlaşma-zad söhbətlərinə görə kanallar milli filmlərimizin arxivinə “girə” bilmir. Ancaq nə yaxşı, həm də bayaqkı söhbət olmasın, nə pis ki, internet dövründəyik. Hazırda Youtube portalında sovet dövründə çəkilən, ümumən köhnə sayılan (bura 1990-2000-ci illər də daxildir) Azərbaycan filmlərinin demək olar hamısını tapmaq mümkündür. Bir neçə Youtube kanalı isə bu filmləri yüksək keyfiyyətdə təqdim edir. Bu qış mən həmin kanallardan birində xeyli köhnə filmimizi izlədim. Adlarını burda sadalaya bilərəm, qarşılarında çəkilmə ilini göstərməklə (işgəncəmi oxucularla bölüşmək istədim, üzrlü sayın): “Cazibə qüvvəsi” (1964), “Bircəciyim” (1986), “Qocalar, qocalar” (1982), “Birisigün gecəyarısı!” (1981), “Babamızın babasının babası” (1981), “Bakıda küləklər əsir” (1974), “Alman klinikasına şəxsi səfər” (1988), “Gümüşü furqon” (1982), “Əlavə iz” (1981), “İşgüzar səfər” (1982), “İmtahan” (1988), “Çətirimiz buludlardır” (1976), “Bizim küçənin oğlanları” (1973), “Əsl dost” (1959), “Güllələnmə təxirə salınır” (2003), “Anın quruluşu” (1980), “Qara volqa” (1994), “Qızıl qaz” (1972) və sairə. Sonuncu rejissor Tofiq Tağızadənin hesabına bir az kinoya oxşayıb. Qalanları biabırçılıqdır. Ucuz pafos, biri beş qəpiyə yalan-palan, düşük zarafatlar, rolsuz aktyorlar və aktyorsuz rollar, sanki ölmüş rejissorun “dünyagörüşü”, əli əsən operatorlar, JEK işçisi səviyyəsində dekorasiyalar və üçüncü sinif şagirdinin rəssam işi və sairə. Hansını yazasan, hansını deyəsən? Bu adamlar bu filmləri çəkib dövlətə təhvil verəndə heç utanmayıblarmı? Mən bu filmlərə baxanda başa düşdüm ki, hətta bizim telekanalizasiyalar da köhnə Azərbaycan kinosunu göstərməyə xəcalət çəkirmişlər! Onları görməməyimizin səbəbi yalnız bu imiş! Göstərilməyənlər elə gündəymiş ki, hətta biabırçı “Ulduz” kinosu onların yanında toya getməli imiş.
Adamı yandıran odur ki, babat aktyorlar olub, az-maz yaxşı rejissorlar da tapılardı, büdcə də pis-yaxşı verilib, ancaq film yoxdur. Min cür səbəb göstərmək olar. Misal üçün, bürokratik dövlət aparatının, senzuranın başqa sovet respublikalarından (Gürcüstan, Ukrayna, Belarus və s.) daha qəddar, amansız olmasını. Sözgəlişi, bu aparat, bu mexanizm indi də qalır: keçən il bir aktyoru müxalifətin mitinqinə qatıldığı üçün iştirak elədiyi teleserialdan çıxarıblar. Necə? Bu özü əsl komediya süjetidir: aktyor mitinqdən qayıdandan sonra onun obrazını serialda öldürüblər. Yaxud, Ayaz Salayevin abort edilmiş məşhur “Üçbucaq TV” filminin taleyini yada salaq. Ancaq bu səbəbləri göstərmək Azərbaycan kinosunun tərcümeyi-halını dəyişmir.
Ürəyim dolu imiş, burda dayanıram.