Hakimiyyət xalqı müstəqillikdən iyrəndirib - Rafiq Manaflı

Hakimiyyət xalqı müstəqillikdən iyrəndirib - Rafiq Manaflı
21 Yanvar 2018
Mətni dəyiş

Rafiq Manaflı

Cümhuriyyət ilinin növbəti fəsadı bizim üçün müqəddəs bir gündə - şəhidlərimizin anım günündə törədildi. Düzdür, vətənimizin müstəqilliyi uğrunda şəhid olmuş qardaş və bacılarımızın xatirəsi bizlər üçün əzizdir, müstəqilliyimizdən yarıyıb onu insanlarımıza göz dağı edənlər üçün yox. İlham Əliyev insanlarımızı müstəqillik sözündən o qədər iyrəndirməyi bacarıb ki, millət müstəqilliyinə belə az qala nifrət edir. Yoxsa soydaşlarımız yaşamaq üçün kütləvi şəkildə dünən şəhid verib əsarətindən qurtulduğumuz ölkənin ağuşuna niyə atılsınlar ki. O ölkənin ki, OMON-çuları 100 qram vuran kimi əllərinə zopa alıb keflərini onların başında çıxarırlar. Və yaxud Avropa ölkələrinə tökülüşüb oturum almaq üçün ailəsi, uşaqları ilə birlikdə hər cür alçalmalara, əskilmələrə, məhrumiyyətlərə razı olsunlar, oturum alandan sonra isə qürbətdə təməl vətəndaş hüqüqlarından məhrum, boynubükük yaşamağı özləri üçün ən böyük xoşbəxtlik hesab etsinlər. 20 yanvarda şəhidlərimizi anmaq üçün gələnlərin sayının ildən-ilə kəskin azalması İlham Əliyevin destruktiv fəaliyyətinin nəticəsi deyilmi? Dünən, 20 yanvar günündə yaşananlar ölkənin salındığı bu gərgin durumdan panik vəziyyətə düşmüş düşüncənin məhsulu idi. Yoxsa insanlara qəlbinin istəyi ilə könüllü getdikləri ziyarətə vaxt diqtə etmək hansı təfəkkürə sığışar. Siz bizə hikkəmi göstərmək, bizi yerimizdə oturtmaqmı istəyirsiniz? Bunu həbslərlə, işgəncələrlə edə bilməmisiniz. Daha neyləyəcəksiniz ki? Siz bilən kimsə cümhuriyyətə, cümhuriyyətçiliyə nifrət edirsə, bir ölkəni cümhuriyyətə çevirən prinsipləri, dəyərləri dağıdırsa, beləsinin bu ili Cümhuriyyət ili adlandırması nə deməkdir, hansı çağırışdır? Cümhuriyyət prinsiplərini bərpa etmək, möhkəmləndirmək, yoxsa Cümhuriyyət adına görüntü olaraq qalanları da məhv etmək çağırışı? Siz insanların səbrinə, əlinizdəki hakimiyyət adlanan süngü ilə onların iliyinə yeritdiyiniz qorxuya güvənirsiniz. Amma hər bir səbrin bir həddi, bir hüdudu var. Dəvə qədər səbrli, astagəl heyvan tanıyırsınızmı? Di gəl qızanda qabağında dayan.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun