Georg Soros Google və Facebook-u tənqid edib

Georg Soros Google və Facebook-u tənqid edib
26 Yanvar 2018
Mətni dəyiş

Milyardçı investor George Soros texnologiya "inhisarçıları" Facebook və Google şirkətlərini tənqid edərək demokratiyaya hədə adlandırıb.

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən investor bildirib ki, sosial media platformaları "innovasiyalara maneə"dir.

O, insanların diqqətini cəlb etmək sahəsində şirkətlərin malik olduğu qüdrətin narahatlıq doğurduğunu deyib.

Lakin cənab Soros-un fikrincə vergi siyasəti və tənzimləmə nəticəsində texnologiya nəhənglərin ömrü çox uzun olmayacaq.

Məşhur investor Trump administrasiyasını "dünyaya hədə" kimi səciyyələndirərək ABŞ prezidentinin 2020-ci ilədək "və yaxud da bundan da erkən" hakimiyyətdən gedəcəyini əlavə edib.

"İtirilmiş azadlıq"

Sözünü çəkinmədən deyən sərmayəçinin ən sərt tənqidi nəhəng internet şirkətlərinin "misli görünməmiş və transformativ" təsiri ilə bağlı olub.

"İnsanların diqqətini cəlb etmək qüdrəti getdikcə daha çox bir neçə şirkətin əlində cəmləşməkdədir", - cənab Soros Davosda keçirdiyi ziyafətdə bildirib.

"John Stuart Mill-in "düşüncə azadlığı" adlandırdığı anlayışı təsbit və müdafiə etmək əsl səylərin tətbiqini tələb edir.

Belə bir təhlükə var ki, o əldən verilərsə rəqəmsal dövrdə böyüyən nəsil onu yenidən əldə etməkdə çətinlik çəkəcək", - çıxışında bir neçə dəfə Google və Facebook-un adını çəkən Soros deyib.

İnvestor təhlükələrin "uzaq gedən siyasi nəticələr"i ilə bağlı xəbərdarlığında deyib ki, bu, Donald Trump-ın seçilməsində artıq böyük rol oynayıb.

Facebook Sorosun çıxışına münasibət bildirməkdən imtina edib. Google isə müvafiq müraciətə hələ ki, cavab verməyib.

87 yaşlı sərmayəçi rəqabət siyasəti üzrə Aİ komissarı Margrethe Vestager-in fəaliyyətini dəfələrlə tərifləyərək deyib ki, o, sosial media şirkətləri üçün "nemezida" (yunan mifologiyasında intiqam tanrısı - red.) olacaq.

Xanım Vestager ABŞ texnologiya nəhəngləri - Google, Apple və Amazon-a qarşı addımlarına görə tanınır.

Cənab Soros deyib ki, öz internet nəhəngləri olmayan Aİ "cəmiyyəti onlardan qorumaq" üçün ən əlverişli mövqeyə malikdir.

Eynilə, Soros ABŞ tənzimləmə qurumlarının zəif olduğunu vurğulayıb.

Cəmiyyətlər böhranda

Macarıstan mənşəli sərmayəçi 1992-ci ildə Britaniya funt sterlinqinə qarşı uğurlu birja əməliyyatından sonra maliyyə dünyasında məşhur olub.

O, zamandan bəri Georg Soros "açıq cəmiyyətləri düşmənlərdən qorumaq" məqsədilə müxtəlif ölkələrdə fəaliyyət göstərən fondlar təsis edib.

"Açıq cəmiyyətlər böhran keçirir və Putinin Rusiyası misalında müxtəlif növ diktatorluq və mafiya dövlətlərinin sayı artmaqdadır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun