Bakıdakı 66 saylı "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad olunub.
Təhsil Nazirliyindən Abzas.netə verilən məlumata görə, M. Məmmədova işdən öz ərizə əsasında çıxarılıb.
M. Məmmədova keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.
Bir müddət öncə də Məhbubə Məmmədovanın işdən çıxarılma xəbəri yayılmışdı. Rəsmi qurumlar xəbəri təsdiq etməmişdilər.
Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun da işdən çıxarılması xəbəri yayılmışdı.
Loğman Məmmədov Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edirdi. Məlumata görə, Loğman Məmmədov təqaüd yaşı çatdığı üçün işdən çıxarılmışdı. O, Ziya Məmmədovun böyük qardaşıdır.
Nəqliyyat naziri bir müddət əvvəl Loğman Məmmədovun oğlu Rövşən Məmmədovu işdən çıxarmışdı. Rövşən Məmmədov "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin rəisi vəzifəsində çalışırdı.