Qorxmaz Əsgərov
2.9 milyardlıq çirkli pul əməliyyatının Qərb mətbuatında ifşası fonunda İlham Əliyevin “bir neçə günə Azəri-Çıraq-Günəşli yataqları üzrə kontraktları imzalayacağıq” deməsi arasında bağlantı var. Bu bağlantını ciddi araşdırmaq lazımdır. Onu “konspiroloji nəzəriyyə” kimi rədd etmək olmaz.
Bilirəm ki, əvvəl müxalifətdə olub sonra öz mövqeyini dəyişmiş şəxslərin və keçmişdə nazir olub indi də geri öz vəzifəsinə qayıtmaq arzusunu gizlətməyən şəxslərin bunu şantaj adlandırması Azərbaycan demokratlarını narazı salır. Amma şantaj var. Daim ölkəsinin pul-parasını talayıb xaricdə gizli bank hesablarına dolduran adamları şantaj etməyə nə var ki? Özü də söhbət “əsrin müqaviləsindən” gedirsə.
"İmkanlardan yararlanıb ifşanı tam açıb ortaya qoymaq lazımdır"
Görünən odur ki, sızdıralan məlumatlar yarımçıqdır. Korrupsionerlərin bir qismini ifşa edir, böyük bir qismini yox (hanı Taleh Heydərovun xərclədiyi pulların araşdırılması? Prince Andrew Azərbaycana havayı gedib gəlirdi?). Elə bil məlumatları sızdıranlar mesaj verirlər ki, açarlar sandığı tökərlər pambığı. Amma bu məsələnin şantaj olduğunu demək o anlama gəlməməlidir ki, ifşa etmək lazım deyil, “əcəb edib” xərcləyirlər və s. Sadəcə bu imkanlardan yararlanıb ifşanı, o cümlədən şantajçıları tam açıb ortaya qoymaq lazımdır.
İlk növbədə, “yaxın günlərdə” imzalanacaq neft kontraktlarının müddətini uzadılması məsələsini Azərbaycanda açıq ictimai müzakirəyə çıxarmaq lazımdır. Hansı şərtlərlə uzadırlar müqaviləni? Şərtlər dəyişib ya eyni qalıb? Adətən yeni müstəqil ölkələr müstəqilliklərinin ilk illərində çox zəif olduqlarına görə xarici şirkətlərə nəhəng güzəştlər edirlər. Sonrakı neft müqavilələrində neft sahibi olan ölkələrin şərtləri sərtləşir, xarici şirkətlərin qazancı azaldılır.
Azərbaycanın müqavilələri ilə bağlı nə baş verir?
Azərbaycanın müqavilələri ilə bağlı nə baş verir? Şəxsən mən heç nə bilmirəm. Əminəm ki, Azərbaycandakıların da çoxu bixəbərdir baş verənlərdən. Məsələn, yeni müstəqil Azərbaycan 1994-də “risk faktoruna” görə (yəni ölkə təzədir, bilmirik hələ müharibə filan buraları nə günə qoyacaq və s.) xarici şirkətlər “Əsrin müqaviləsində” öz qazanc faizlərini artirmışdılar. Bu illər ərzində o risk faktorunu azaldıblar ya artırıblar?
Ümumiyyətlə, Azərbaycanın yeganə əhəmiyyətli qazanc mənbəyi olan neft müqavilələri (özü də ölkənin ən iri neft yataqları üzrə) niyə gizli müzakirə olunmalıdır? Heydər Əliyevi tərifləmək istəmirəm, amma bu müqavilə ki, indi onu İlham Əliyev bir neçə günə imzalamağı planlaşdırır, ən azı Heydərin 1994-də imkan verdiyi qədər ictimai müzakirədən keçməli deyilmi? Azərbaycanın fəal siyasi kəsimi bu neft müqaviləsinin ictimai müzakirəsinə nail olmalıdır, jurnalistləri isə bu müqavilənin ətrafında yaranmış gizlilik örtüyünü bacardıqları qədər aradan qaldırmağa çalışmalıdırlar.
"Azərbaycan vətəndaş cəmiyyəti Britaniyaya açıq müraciət ünvanlamalıdır"
İkincisi, 2.9 milyardlıq çirkli pul transferləri vacib edir ki, Azərbaycanın iri neft tərəfdaşlarının ölkələrində Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə bağlı ciddi araşdırma başlanılsın. Əgər Azərbaycanın neftdən əldə etdiyi gəlirlər, Azərbaycanda işləyən əsas neft şirkəti "British Petroleum"-un ölkəsi Böyük Britaniyada banklara yatırılırsa, BP-nin bütün bu korrupsiya karuselində iştirak edib-etmədiyi ciddi araşdırılmalıdır. Özü də İlham Əliyev neft müqavilələrini “bir neçə günə” uzadandan sonra yox, ondan əvvəl. Bunun üçün Britaniya qanunlarının özü güclü əsas yaradır.
2010-cu ildə qəbul olunan "UK Bribery Act" adlı qanun var. Bu qanun dünyada xarici ölkələrdə koorrupsiya əməliyyatlarında iştirak edən şirkətlərə və şəxslərə qarşı ən sərt qanunlardan biri sayılır. Britaniya hüquq mühafizə orqanlarına Azərbaycan siyasi partiyaları və mülki təşkilatları açıq müraciət ünvanlamalıdır ki, BP-yə qarşı bir təhqiqat aparılsın. Bu müraciətləri açıq şəkildə edib, Britaniya mediasına və elə həmin o "Guardian"-ın özünə də ünvanlamaq lazımdır ki, oxu atıb yayı gizlətməsinlər. Adam kimi araşdırma aparıb korrupsiyanı, BP-nin bu korrupsiyada iştirakını aşkarlasınlar.
"Azərbaycan oğru hakimiyyət və bir dəstə xarici tərəfindən talan olunur"
Belə bir təhqiqatı ABŞ-ın özündə də başlatmaq olar – Amerikanın məşhur "Foreign Corrupt Practices Act" qanunu altında. Bu qanuna görə xarici ölkələrin rəsmiləri ilə birlikdə korrupsion əməliyyatlarda iştirak edən istənilən şirkət (Amerika şirkəti yaxud Amerikanın Securities and Exchange Act altında ABŞ orqanlarına sənəd təqdim edən istənilən xarici şirkət ki, BP də belə şirkətlərdən biridir) haqqında təhqiqat aparıla bilər.
Bu gün Azərbaycanın neft pulları yerli oğru hakimiyyət və onunla əlbir olan bir dəstə xarici şirkət, korrupsioner siyasətçi dəstəsi tərəfindən talan olunur. Arabir Azərbaycan oğruları müqavimət edəndə onun oğurluqlarının bir hissəsini mediaya sızdırmaqla onu şantaj edirlər ki, səsini kəssin. Gəlin bu yaranmış media diqqətindən istifadə edək, şantajı əsl korrupsiya ifşasına çevirək.
Yazı müəllifin fikirlərini əks etdirir və Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.