Xədicə İsmayıl "Alternativ Nobel Mükafatı"na layiq görülüb

Xədicə İsmayıl "Alternativ Nobel Mükafatı"na layiq görülüb
26 Sentyabr 2017
Mətni dəyiş

Bu gün, sentyabrın 26-da İsveçin Stokolm şəhərində 2017-ci ilin "Alternativ Nobel Mükafatı" - Dürüst Yaşayış Mükafatının qalibi elan olunub. 

Abzas.net Təşkilat Komitəsinin açıqlamasına istinadən xəbər verir ki, Azərbaycanın çağdaş görkəmli araşdırmaçı jurnalisti Xədicə İsmayılova 'Alternativ Nobel Mükafatı'na layiq görülüb.

Xədicə İsmayıl təltif olunması ilə bağlı deyib ki, belə bir nüfuzlu mükafata layiq görülmək onun üçün şərəflidir:

"Mən bu mükafatı ölkəmdə çətin şəraitə baxmayaraq, işini davam etdirən bütün jurnalist və hüquq müdafiəçilərinin adından qəbul edirəm".

Açıqlamada deyilir ki, Xədicə İslamyılova son on ildə araşdırmaları ilə prezident İlham Əliyevin ailə biznesini və böyük korrupsiya əməliyyatlarının üstünü açıb.

"O, TeliaSonera kimi bir neçə ölkədə fəaliyyət göstərən şirkətləri də əhatə edən Azərbaycan hökumətinin ən yüksək səviyyəli korrupsiyaya əməllərini ortaya çıxarıb".

Məlumatda deyilir ki, Xədicə İsmayılova həmçinin Azərbaycanda insan haqları sahəsində də öz töhvəsini verir. Bildirilir ki, o, jurnalist fəaliyyətindən başqa həm də Azərbaycandakı siyasi məhbus ailələrinə maddi və mənəvi yardım göstərir.

Mükafatın qalibi İsveçdə Beynəlxaql Mətbuat Mərkəzində elan olunub. Tədbirə İsveçin Xarici İşlər Nazirliyinin nümayəndələri, "The Right Livelihood" Mükafatı Fondunun icraçı direktoru Ole von Uexkull, münsiflər heyəti və digər şəxslər qatılıb.

Ole von Uexkull deyib ki, Xədicə İsmayılova dövrünün ən cəsarətli və bacarıqlı araşdırmaçı jurnalistlərindən biridir:

"Həbs olunmasına, şantaj və hədələrə baxmayaraq, Xədicə təslim olmayıb və hakim elita ilə bağlı araşdırmalarını davam etdirib. Onun yazıları sayəsində biz bildik ki, Avropa siyasətçiləri biznes, korrupsiya və rüşvətlə necə Azərbaycana bağlıdılar".

315 min avroluq mükafat Xədicə İsmayıl, Hindistandan olan insan haqları üzrə hüquqşünas Colin Gonsalves və Efiopiyayadan olan fəal Yetnebersh Nigussie arasında bərabər böünəcək. Amma bu mükafat şəxsi xərclər üçün yox, yalnız ictimai işlər üçün ayrılır. Nüfuzlu mükafat 1980-ci ildə təsis edilib. İndiyə kimi 69 ölkədən 170-ə qədər luareatı olub. Bu ilki mükafata isə 51 ölkədən 102 nəfər naziməd idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun