Vergilər Nazirliyi 'Turan'a təyin etdiyi sanksiyaları ləğv etdi

Vergilər Nazirliyi 'Turan'a təyin etdiyi sanksiyaları ləğv etdi
16 Sentyabr 2017
Mətni dəyiş

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

Abzas.net xəbər verir ki, bu barədə agentliyə rəsmi məktubla məlumat göndərilib.

Agentliyin yaydığı məlumatda deyilir ki, departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib.

Avqustun 7-də Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti "Turan"a qarşı cinayət işi başlatmışdı.

Avqustun 16-da Agentliyin ofisində axtarış aparılmış, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürülmüşdü.

Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilmişdi. Bundan sonra Vergilər Nazirliyi məlumat yayaraq, jurnalistə qarşı ittihamı "vergi bəyannamələrində mənfəət barədə məlumatları təhrif etmək yolu ilə 2010-2016-cı illərdə dövlət büdcəsinə 60080 manat verginin ödənilməməsinə əsaslı şübhələrin olması" ilə əsaslandırmışdı.

Agentlik bildirir ki, onlara 2010-2016-cı illər üzrə deyilən məbləğdə əlavə vergi hesablanması barədə hansısa sənəd təqdim edilməyib.

Sentyabrın 11-də Mehman Əliyev prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarına tövsiyəsindən sonra azadlığa buraxılıb.

Əvvəllər Lokal Vergilər Departamenti mayda agentliyə 2016-cı il üzrə 4 min manat əlavə vergi təyin edib. Amma "Turan" Agentliyinin inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yüksək instansiyası bu qərarı ləğv edib. Sonradan avqustun 7-də həmin departament 2016-cı il üzrə 9 min manat, 2014-2016-cı illər üzrə 37 min manat vergi təyin edib. Mehman Əliyev həbsdən azad ediləndən sonra Lokal Vergilər Departamenti Agentliyə qarşı cinayət işi başlanmasına səbəb olan bu qərarı ləğv edib.

Beləliklə, 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması barədə qərarın ləğv edilməsi ilə “Тuran”a qarşı cinayət işinin hüquqi bazası qalmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun