Ələsgər Məmmədli
3 gündür gözləyirəm görüm Vergilər Nazirliyi 2,9 milyard dollar (5 milyard manat) pulu ölkədən çıxaran şirkətlərin haqqında bəyanat yayacaqmı? Yaymırlar, susurlar!
Axı bu nazirlik cəmi 12 gün öncə (25 avqust 2017-ci il) palaz bolda bir açıqlama yayıb, "Turan İnformasiya Agentliyi" MMC-nin direktoru Mehman Əliyevi Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edir və heç bir qanunsuzluq etməyən, sadəcə obyektiv informasiya yayan bir qurumu və onun rəhbəri Mehman Əliyevi cəmiyyətə “cinayətkar” kimi təqdim edirdi.
Bu nazirliyin əməkdaşları isə “QULluq” vəzifələrini yerinə yetirərək, ölkənin sayılı-seçili ziyalılarından olan Mehman müəllimin qollarını qandallayıb, qondarma məhkəmə qərarı ilə cinayətkarlarla eyni hücrəyə yolladı.
Ödənməli olmayan vergidən necə yayınmaq olar?
Mehman müəllimin 7 illik fəaliyyətini araşdıran Vergilər Nazirliyi “Turan”ı həmin illərdə aldığı 160 min manat qranta görə vergi ödəməməkdə ittiham edir və ona xəyali mənfəət vergisi hesablayır. Halbuki, həmin Vergilər Nazirliyinin əməkdaşları tətbiq etməli olduğu Vergi Məcəlləsinin 165-ci maddəsinin başlığını diqqətlə oxusalar görərdilər ki, "Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması" başlığı altında həm də "165.1.2. qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;" də daxildir.
Yəni “Turan” qrant alıbsa, bu qrantdan vergi sıfır dərəcə ilə hesablanmalıdır. Ödənməli olmayan vergidən necə yayınmaq olar? Vergi anlayışına isə bütün vergilərin, o cümlədən mənfəət vergisinin də daxil olduğunu izaha ehtiyac yoxdur.
Elə bilirdilər ölkədə tüğyan edən korrupsiya əməlləri palaz altında qalacaq
İndi keçək əsas məsələyə. Ölkədə sonuncu müstəqil medianı da şərləyib, bağlayandan sonra elə düşünürdülər ki, artıq ölkədə tüğyan edən korrupsiya əməlləri cəmiyyətə yayılacaq yer olmayacaq. Hər şey palaz altında qalacaq. Amma yanıldılar...
Düzdür, Azərbaycan oxucusu artıq “Zerkalo”-“Ayna” qəzetini, “Azadlıq” qəzetini, “Turan” İnformasiya Agentliyinin bülletenlərini alıb oxuya bilmir. Onlar susdurulub. “Azadlıq” radiosunu, BBC-ni qısa FM dalğasında dinləyə bilmir, tezlikləri əlindən alınıb. “Meydan TV”-nin, “Azadlıq” radiosunun , “Azərbaycan Saatı”nın, “Turan TV”-nin, “Azadlıq” qəzetinin veb saytlarını da açıb oxuya bilmir, çünki Azərbaycanın “müstəqil” məhkəməsi onları da bloklayıb. ANS TV-nin dolaylı ötürdüyü xəbərləri də izləyə bilmir, onu da susdurdular. AMMA...
Elə qapılar açıblar ki, özləri də şaşırıb qalıblar. “The Guardian” kimi bir qəzet bir sutkada ölkəmizdəki korrupsiya faktlarından 7 məqalə yayır, “Washinqton Post”, “Kommersant” və s. dünya media nəhəngləri bu dəfə sadəcə Azərbaycandilli auditoriyanı yox, çoxdilli dünya auditoriyasını məlumatlandırır, korrupsiya faktlarını qabarıq şəkildə göstərir.
Vergilər Nazirliyi 2.4 milyard manatı necə görməyib?
Yayılan faktlardan məlum olur ki, Danimarkanın “Berlinske” qəzetinə sızan bank sənədlərini araşdıran Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) peşəkar jurnalistləri “Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırması ilə əsl bombanı partladıb.
Məqalədə xüsusilə ən diqqət çəkən məqam Rasim Əsədov adlı bir şəxsin yaratdığı və Mehman Əliyevi həbs etdirən Vergilər Nazirliyində qeydiyyata aldırdığı “Baktelekom” MMC –nin 2013-2014-cü illər ərzində nə az-nə çox, 2 milyard 400 milyon manat (1,4 milyard dollar) pulu vergidən yayındıraraq, ofşor hesablara köçürüb. Bu köçürmələr də, tam 530 dəfə təkrarlanıb.
Vətəndaşların xaricə öz övladlarına təhsil haqqı üçün göndərdikləri 500 dolları günlərlə çək-çevir edərək verməyən və süründürən banklar nədənsə ən xırdası 138 min dollar, ən böyüyü 6 milyon olan 1,4 milyard dollarlıq 530 köçürməni görməyiblər.
Prokurorluq niyə susur?
Mehman Əliyevin vergidən yayındığını cəmiyyətə palaz boyda bəyanatla car çəkən Vergilər Nazirliyi ofşorlara 1,4 milyard axıdan “Baktelekom” MMC-nin nədən dövlət büdcəsinə 18%-lik ƏDV-si olan 429 milyon manatı, yaxud 20%-lik mənfəət vergisi olan 476 milyon manatı köçürmədiyini sorğulamır?
Yasamal Rayon Məhkəməsində ittiham tərəfi kimi Vergilər Nazirliyinin “arqumentlərini” can-başla müdafiə edən Prokurorluq da nədənsə susur və qanundan doğan səlahiyyətləri çərçivəsində mediada yayılan korrupsiya faktlarına görə cinayət işi başlamağı ağlından keçirmir.
Halbuki, son dönəmlər tez-tez redaktorları və jurnalistləri prokurorluğa çağırıb, xəbərdarlıq etmələrini qanundan doğan səlahiyyət kimi çox həvəslə cəmiyyətə təqdim edirdilər.
Yazı müəllifin fikirlərini əks etdirir və saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.