"Azərbaycanın kredit reytinqinin "B2" səviyyəsində, reytinq üzrə proqnozun isə stabil olması ölkə iqtisadiyyatının, maliyyə və bank sisteminin neft qiymətlərindən asılılığını əks etdirir".
Abzas.net xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin baş vitse-prezidenti və məqalənin müəlliflərindən biri Kristin Lindow-un sözlərinə görə, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib:
"Hökumətin Dövlət Neft Fondundan (ARDNF) böyük maliyyə dəstəyi almasına baxmayaraq, dövlət neftin aşağı qiymətlərinin təsirini yumşaldacaq fiskal siyasət üçün fondun ehtiyatlarından məhdud dərəcədə istifadə edir. 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul istehsalının azalacağı ehtimal olunur. Ötən illə müqayisədə bu ilin birinci yarısında ÜDM 1,4% azalıb. İl üzrə ümumi azalma elə eyni səviyyədə olacağı gözlənilir".
"Yaxın iki ildə Azərbaycan büdcəsi defisitlə icra olunacaq"
Agenliyin məlumatına görə, Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti 2014-cü ildəki 14,4%-dən 2016-cı ildə 50,7%-dək artıb.
Məlumatda vurğulanıb ki, bunun əsas səbəbləri manatın amortizasiyası və dövlət zəmanətli borcların artmasıdır.
Agentliyin proqnozuna əsasən, neftin qiyməti 45-55 dollar diapazonunda ticarət olunmağa davam edərsə, 2017-ci il dövlət büdcəsi 2,9% defisitlə icra olunduğu halda, 2018-ci ildə defisit 1,8% təşkil edə bilər.
ABB-nin bərpası vaxt aparacaq
Məlumata görə, Azərbaycan hökuməti və Mərkəzi Bank (AMB) bank sektoruna dəstək verməkdə davam edir.
Agentliyin hesablamalarına əsasən, ötən il bank sektoruna verilən dəstəyin həcmi ÜDM-in təxminən 30%-nə bərabər olub. Bura əsasən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası daxildir.
"Moody`s" hesab edir ki, restrukturizasiya prosesinə baxmayaraq, ABB-nin aktivlərinin keyfiyyətinin və gəlirliliyinin bərpası kifayət qədər vaxt alacaq.
"Ümumilikdə, yaxın perspektivdə bank sektorunun vəziyyəti zəif olaraq qalacaq", - deyə məlumatda vurğulanıb.