Siyavuş Novruzov: 'Sanksiya ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirəcək'

Siyavuş Novruzov: 'Sanksiya ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirəcək'
8 Sentyabr 2017
Mətni dəyiş

“ABŞ Senatında Azərbaycan rəsmilərinə sanksiya tətbiq olunması ilə bağlı müzakirələr aparılacağına dair xəbərlər var. Düzdür, belə təşəbbüs olub. Bu müzakirələr ola da bilər, olmaya da. İnanmıram ki, belə bir qərar qəbul olunsun”.

Bu sözləri Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Report-a açıqlamasında deyib.

O, ABŞ Senatının Xarici Əməliyyatlar və Büdcə Komitəsində Azərbaycan rəsmilərinə sanksiya tətbiq olunması ilə bağlı qərar qəbul edilməsi xəbərlərinə münasibət bildirərkən qeyd edib ki, iddialar fakta əsaslanmır:

"Erməni lobbisinin Azərbaycana qarşı növbəti təxribatıdır"

“Bu, sadəcə olaraq, erməni lobbisinin və onlara muzdlu xidmət göstərən siyasətçilərin Azərbaycana qarşı növbəti təxribatıdır. Baxın, Soros Fondu və onun rəhbəri Azərbaycana qarşı dələduzluq edir. Bütün bunlar Azərbaycanın inkişafı ilə bağlıdır. Hazırda ölkədə ictimai-siyasi sabitlik təmin olunur. Xatırlayırsınızsa, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı demişdim ki, gələcəkdə Azərbaycana qarşı təxribatlar ola bilər. Çünki Azərbaycan 53 İslam dövlətinin nümayəndəsini Azərbaycana topladı. Bununla da göstərildi ki, İslam terror, təxribat deyil, barışıq, dostluq dinidir.

Azərbaycan bununla dünyaya mesaj verdi. Bunu böyük İslam dövlətləri də üzrərinə götürə bilərdilər. Təbii sərvətlərə malik olan İslam dövlətləri var, lakin Azərbaycan Prezidenti cəsarətli siyasəti, atdığı addımlar ilə İslam həmrəyliyini ortaya qoydu, bunu dünyaya elan etdi. Bu, həm Qərbin, həm Amerikanın, həm də digər dövlətlərin maraqlarına zidd olan məsələdir. Onlar öz cəmiyyətlərində İslamın terror dini kimi qələmə verirlər və “terrorla mübarizə” adı altında İslam ölkələri ilə mübarizə aparırlar, işğal etməyə çalışırlar. Biz bütün bunları nəzərə almalıyıq ki, onlar müxtəlif yollarla təxribatlar etməsinlər”.

"Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədilə atılan addımlardır"

YAP rəsmisi vurğulayıb ki, Azərbaycan rəsmilərinə sanksiya tətbiq olunması təşəbbüsü ilə iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar:

“Bu cür təxribatlar Rusiyada da baş verib, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pisləşdirməyə cəhd ediblər. Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi buna misaldır. Bu, ayrı-ayrı qüvvələrin Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədilə atdığı addımlardır. Hər yerdə bu cür təxribatlar baş verir”.

Qəzet, televiziya, QHT-lər özlərini istintaq orqanı hesab edirlər?

S.Novruzov Azərbaycan hökuməti ilə bağlı xarici media orqanlarında yayılan məlumatların yalan olduğunu bildirib:

“Hansısa qəzet, televiziya kanalı, qeyri-hökumət təşkilatı yalan məlumat yayırlar, amma qarşı tərəfin mövqeyini öyrənmirlər. Onlara sual verilməlidir ki, araşdırma aparıbmı? Onlar özlərini istintaq orqanı hesab edirlər? Heç bir mənbəyə əsaslanmadan yazılar dərc edirlər. O yazılarda Azərbaycan hökumətinin mövqeyi öyrənilməyib. Obyektivdirlərsə, hər iki tərəfin mövqeyi öyrənilməlidir, qarşı tərəfə mövqe bildirməsi üçün şərait yaradılmalıdır. Azərbaycan hökuməti ilə bağlı yazılanlar yalandır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun