Senator Durbin: "Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıram"

Senator Durbin: "Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıram"
12 Sentyabr 2017
Mətni dəyiş

Azərbaycan rəsmilərinə qarşı sanksiya təklif edən ABŞ senatoru Richard Durbin “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında həbs qəti imkan tədbirinin ləğvinə münasibət bildirib.

Abzas.net xəbər verir ki, bu barədə Durbin öz "Twitter" hesabında yazıb. Senator bu qərarı alqışladığını bildirib:

“Azərbaycanda sonuncu müstəqil xəbərlər agentliyinin rəhbəri Mehman Əliyevin həbsdən azad olunmasını alqışlayıram”.

“Ümid edirəm ki, bu addım bütün ittihamların götürülməsi və ev dustaqlığının bitməsilə başa çatacaq”, - deyə Durbin vurğulayıb.

Keçən həftə senator Richard Durbin ABŞ Senatına Mehman Əliyevlə bağlı düzəliş təklif etmişdi. Həmin düzəlişdə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə sanksiyalar istənilirdi.

Xatırlatma

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Dünən sentyabrın 11-i isə prezident İ.Əliyevin “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verdiyi bildirildi. Elə həmin gün də məhkəmənin qərarı ilə Mehman Əliyev barəsində həbs qəti imkan tədbiri qərarı ləğv edildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun