Lvov vilayət məhkəməsi keçmiş Odessa qubernatoru Mikheil Saakashvilini sərhədi qanunsuz keçməkdə təqsirli bilib. Bu barədə "İnterfaks" məlumat yayıb.
Məhkəmənin qərarına əsasən Saakashvili 130 dollara yaxın cərimə ödəməlidir. Saakashvilinin özü məhkəmədə iştirak etməyib. O, Çerkas vilayətində tərəfdarları ilə görüşürmüş.
Ukrayna prezidenti Petro Poroshenko bu ilin iyulunda ABŞ-da səfərdə olarkən Saakashvilini vətəndaşlıqdan məhrum edib.
O, sentyabrın 10-da tərəfdarlarının dəstəyi ilə Polşa sərhədindən Ukraynanın Lvov şəhərinə keçib.
Ukrayna hakimiyyəti isə 2 gün sonra onu sərhədi qanunsuz pozma ittihamı ilə məhkəməyə verib.
Hakimiyyəti korrupsiyaya qurşanmaqda ittiham edən Saakashvili ölkədə islahatlar aparılmasını tələb edir, xüsusilə də hakimiyyətdə.
Xatırlatma
Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.
Saakashvili ittihamları rədd edir.
Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.
Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.