"Radetski marşı" - Seymur Baycan

"Radetski marşı" - Seymur Baycan
23 Sentyabr 2017
Mətni dəyiş

Seymur Baycan

"O zamanlar fərqli idi. İmperator belə bu gün monarxiyasının məsuliyyətini üzərinə götürmür. Bəli, hətta Tanrı belə dünyanın məsuliyyətini öhdəsinə götürmək istəmir. O zamanlar daha asan idi. Hər şey zəmanət altında idi. Hər daş öz yerində idi. Həyatın yolları gözəl daşlarla döşənmişdi. Evlərin divarlarının üzərində etibarlı damlar vardı. Amma bu gün, hörmətli bölgə qubernatoru, bu gün küçə daşları qarmaqarışıq və təhlükəli qrup şəklində ortalıqda dayanır, damlarda dəliklər var, evlərin içinə yağış yağır və hər kəs hansı yolla gedəcəyini və hansı evə köçəcəyini özü bilməyə məcburdur. Onun üçün hər şeyi öz axarına buraxmaq lazımdır, hər kəs öz yoluyla getsin...

Uşaqlarım mənə itaət etmədiyi zaman artıq şərəfimi itirməməyə çalışıram. Edə biləcəyim tək şey budur. Bəzən onlara yatarkən baxıram. Üzləri mənə çox yad gəlir, demək olar ki, onları tanıya bilmirəm və onların mənim artıq görməyəcəyim yeni bir zamana aid olduqlarını anlayıram. Onlar hələ çox kiçikdirlər, uşaqlarım. Biri səkkiz, o birisi on yaşındadır və üzləri yatarkən yuvarlaq və çəhrayı olur. Buna baxmayaraq, yatarkən belə üzlərində zalım bir ifadə görünür. Bəzən uşaqların üzərinə yuxuda çökən bu zalımlığın yeni zamanın, gələcəyin zalımlığı olduğunu düşünürəm. Mən bu zamanı yaşamaq istəmirəm".

Cozef Rot, "Radetski marşı" əsərindən bir hissə

Cozef Rotun "Radetski marşı" əsərini oxudum. Əvvəlcə müəllif haqqında lap qısaca məlumat verək; Cozef Rot 1894-cü il sentyabrın 2-də dünyaya gəlib. 1913-cü ildə Lemberq Universitetində bir il alman dili üzrə filologiya fakültəsində oxuduqdan sonra Vyana Universitetinə köçürülüb. 1916-cı ildə əsgərliyə çağırılıb, lakin cəbhəyə göndərilməyib, mətbuat xidmətində işə cəlb edilib. Birinci Dünya müharibəsindən sonra jurnalist fəaliyyətinə başlayıb, Vyanada və Berlində müxtəlif qəzetlərdə işləyib. 1922-ci ildə ailə həyatı qurub. Arvadı 1928-ci ildə ruhi-əsəb klinikasında yerləşdirilib. Yazılanlara inansaq, bu hadisə Cozef Rota pis təsir edib və o, spirtli içki düşkününə çevrilib. Yəni alkoqolik olub. Almaniyada nasistlərin hakimiyyətə gəlməsindən sonra Cozef Rot Parisə köçüb, müxtəlif qəzetlər və jurnallar üçün məqalələr yazıb. 1939-cu ilin may ayının 27-də Parisdə səfalət içində o biri dünyaya köç edib. Heç zad, belə bir biabırçılıq. Faciə.

"Radetski marşı" Avstriya-Macarıstan imperiyasının çöküşündən, nəsillər arasında uçurumun yaranmasından, dəyərlər sisteminin dəyişməsindən, bir çox insanların baş verən dəyişiklərə hazır olmamasından, dəyişikləri, zamanın şərtlərini faciə kimi qəbul etməsindən bəhs edir. Olduqca kədərli bir əsərdir. Xüsusən bir yerdə, həkim Maks Demantdan bəhs edən hissədə əsər bəndənizi göyə qaldırıb yerə çırpdı və bir neçə dəqiqə tərpənməyə rəsmən halım olmadı. Boğazım göynədi, gözlərim doldu. Bir təhər ayağa qalxıb əl-üzümü soyuq suyla yudum. Boynuma, sinəmə də soyuq su vurdum. Bir az toxtadım. Düşündüm ki, bütün bunlar klassik dildə desəm, əsəb zəifliyinin təzahürüdür. İki gündən sonra "Radetski marşı" əsərində həkim Maks Demantan bəhs edən hissəni bir də oxudum. Yenə hər şey təkrarlandı. Yenə həmin hissə bəndənizi göyə qaldırıb yerə çırpdı. Yenə də bir neçə dəqiqə tərpənməyə halım olmadı. Yenə boğazım göynədi və gözlərim doldu. Amma bu dəfə müqavimət göstərməyi mənasız hesab etdim və uşaqlıqda olduğu kimi göz yaşlarımdan ləzzət ala-ala bir neçə dəqiqə ağladım. "Radetski marşı" əsərindən, həkim Maks Demantdan bəhs edən hissədən bir neçə cümləni tirajlamaq istərdim. Deməli, alay həkimi Maks Demant axmaq, olduqca axmaq bir hadisəyə görə sabahı gün duelə çıxmalıdır. İki dost həkim Maks Demant və leytenant Karl Cozef sonuncu dəfə söhbət edirlər. Həkim Maks Demant deyir:

"Bu ölüm çox mənasızdır. Eynilə həyatım qədər mənasızdır. Babalarımız bizə miras olaraq çox güc qoyub getməyib. Yaşamaq üçün gücümüz çox azdır, mənasızcasına ölməyə isə ancaq çatır…Yorğunam, illərdən bəri yorğunam. Sabah bir qəhraman kimi öləcəm, qəhrəman olaraq adlandırılan şəxslər kimi. Mənim, babalarımın, soy-kökümün həyat tərzinə, babamın istəyinə tamam zidd bir şəkildə. Babamın oxuduğu köhnə, böyük kitablarda bir cümlə yazılmışdı: “Kim ki əlini özü kimilərə qarşı qaldırır, o bir qatildir". Sabah bir nəfər mənə tapança tuşlayacaq, mən də ona. Mən qatil olacam. Amma mən uzağı görə bilmirəm, nişan almayacağam. Kiçik bir qisas… Eynəyimi çıxarınca heç bir şey görmürəm, heç bir şey... Şnapsı çox gec kəşf etdim. Təəssüf. İnanmayacaqsan, amma əvvəllər heç içmədiyim üçün çox peşmanam.

Leytenant qeyri–adi bir səylə başını qaldırdı, bir neçə saniyə boyunca həkimin üzünə baxdı. Qədəhi qaldırdı, qədəh ağır idi, əli titrədi, bir neçə damla masaya töküldü. Şnapsı birnəfəsə içdi. Gözləri birdən-biri isti bir suyla doldu, sinəsindən yüksək səsli bir inilti qopdu. Qalxıb qaçmaq istədi, çox utanırdı. Düşündü ki, ağlayıram, ağlayıram. Özünü çarəsiz hiss etdi, onu ağlamağa məcbur edən ağlasığmaz gücə qarşı çarəsiz idi. Özünü bu gücə təslim etdi. Çarəsizliyin həzzinə təslim oldu. Öz iniltisini eşitdi. Özünü şirin ağrı-acının qollarına buraxdı, davamlı hıçqıraraq bir neçə dəfə dalbadal təkrar etdi:

Ölməyini istəmirəm, ölməyini istəmirəm, istəmirəm, istəmirəm .

Həkim Demant ayağa qalxdı, mətbəxin içində bir neçə dəfə o baş-bu başa gedib gəldi. Baş komandanın portretinin qarşısında dayandı, imperatorun pencəyinin üzərindəki qara ağcaqanad ləkələrini saymağa başladı..."

Avstriya-Macarıstan imperiyasının çöküşündən bəhs edən bu kədərli əsəri oxuduqca arada böyük zaman məsafəsi olmasına baxmayaraq, ötən əsrin 80-ci illərin sonunda, 90-cı illərin əvvəllərində baş verən hadisələri xatırlayırdım.

Doğrudan da imperiyanın çöküşü balaca hadisə deyil, imperiyanın çöküşünü görmək, hadisələrin iştirakçısı, şahidi olmaq hər adama nəsib olmur. Bəlkə də hisslərin kütləvi şəkildə coşmasını, mitinqləri, tətilləri, fabrik və zavodların fəaliyyətini dayandırmasını, arzuların pərvazlanmasını və reallığın sərhədlərini aşaraq absurdlaşmasını, dünən haqqında poemalar, romanlar yazılan adamların heykəllərinin götürülməsini, uçurulmasını, küçələrin, şəhərlərin adlarının dəyişdirilməsini, qəfildən ortalığa yeni tip adamların çıxmasını, azadlığın xaos, xaosun azadlıq kimi başa düşülməsini, ulduzu bir anda parlayıb bir anda sönən müxtəlif cürə qəhrəmanları, iqtisadi-siyasi motivli ifrat pafosu, rəsmi qəzetlərin hörmətdən düşüb müstəqil qəzetlərin böyük tirajlar qazanmasını, reallıq hissinin itirilməsini, müharibəni, arzuların, ümidlərin həyata keçməməsinə görə böyük depressiyanın, inamsızlığın yaranmasını, bir sözlə, yaxşı və pis mənada hər şeyin bir neçə il ərzində, qısa zaman kəsiyində bir neçə dəfə alt-üst olmasını gördüyümə görə "Radetski marşı"nda bəhs olunan hadisələrdən olduqca təsirlənirdim. Əgər bir çox insanların baş verən hadisələrdən qorxmasını, dəyişiklərə hazır olmamasını, hər cürə dəyişikliyi faciə kimi qəbul etməsini öz gözlərimlə görməsəydim, yəqin ki "Radetski marşı"nda yazılanları bir o qədər də dərindən hiss etməzdim.

İmperiyanın çöküşü, imperiyanın çöküşündən sonra baş verən hadisələr ədəbiyyat üçün saysız-hesabsız, bitməz-tükənməz mövzu deməkdir. Bəs niyə Sovet imperiyasının çökməsi yazıçılarımız üçün böyük mənada əhəmiyyət kəsb etmir? Nədən imperiyanın çökməsinə yazıçılarımız o qədər də ciddi münasibət bəsləmirlər? Burda adamın ağlına iki cavab gəlir.

Yaşlı yazıçılar azad deyillər. Nə mənada? Məsələ ondadır ki, Sovet dövründə hakimiyyətdə olanlar həm siyasi, həm də mədəni mənada hələ də hakimiyyətdədirlər. Yaşlı yazıçılar və onların ətrafındakılar Sovet zamanı, Sovetin çöküşündən sonra baş verənlərə obyektiv münasibət göstərə bilməzlər. Konkret bir misal; məsələn, əgər Sovet dövründə "Lenin" poeması yazmış Rəsul Rzanın oğlu faktiki olaraq ədəbiyyat naziri vəzifəsini daşıyırsa, deməli, Yazıçılar Birliyinin üzvlərinin Rəsul Rzaya və onunla əlaqəli hadisələrə, mətnlərə, nəşrlərə obyektiv münasibət göstərməsi avtomatik olaraq mümkünsüzdür. Həm siyasi, həm də mədəni sahədən onlara belə misallar gətirmək olar. Müstəqilliyin əleyhinə səs verib müstəqillik illərində İstiqlal ordeni alan, müstəqilliyin əleyhinə səs verib müstəqillik illərində bir neçə dəfə deputat seçilən, daha doğrusu, deputat təyin olunan adamların yaşadığı bir ölkədə yaşamaqdayıq. Sovetdənqalma yaradıcı ittifaqlar, Universitetlər, Elmlər Akademiyası reputasiyası zədəli, düşüncələri zərərli, məkrli, acgöz, həm də hiyləgər qoca-qoca adamlarla doludur və bu adamlar əsla və əsla Sovet dövründə, Sovetdən sonra baş verən hadisələrə obyektiv münasibət göstərə bilməzlər. Ən dəhşətlisi bu deyil. Ən dəhşətlisi odur ki, bütün bunlar norma kimi qəbul edilir, çox adi qarşılanır.

Gənclər isə… Gənclər mövzunun əhəmiyyətini, imperiyanın çöküşünün ədəbiyyat üçün nə demək olduğunu dərk etmirlər.

Bir dəfə bizim gənc yazarlarımızdan biri Sovet dağıldığı zaman kəndlərində baş verən hadisələrdən danışırdı. Çox maraqlı söhbətlər idi. Dedim ki, bunları niyə yazmırsan, axı danışdıqların çox maraqlı söhbətlərdir. Belə bir cavab aldım: "Eh, ədəbiyyat başqa şeydir". Bu söhbətin üstündən bir müddət vaxt keçdikdən sonra kitabı çıxdı. Oxudum. Əndrabadi, reallıqla heç bir əlaqəsi olmayan, qarmaqarışıq, çox pis uydurulmuş şeylər yazmışdı. Halbuki danışdıqlarını elə danışdığı kimi yazsaydı, ya da yüngülvari orasını-burasını düzəldib yazsaydı, daha düzgün addım atmış olardı.

Əlbəttə, hadisələri süjetə salmaq, bədii həllərini vermək çətindir. Bunu dərk etməkdəyik. Amma ən azı hadisələri çılpaq da yazmaq olar. Yetər ki, insan yazarkən ədalətli və obyektiv olmağa cəhdlər etsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun