Rəsul Cəfərov: "Avropa Məhkəməsinin qərarı üzv dövlətlər üçün məcburi xarakter daşıyır"

Rəsul Cəfərov: "Avropa Məhkəməsinin qərarı üzv dövlətlər üçün məcburi xarakter daşıyır"
29 Sentyabr 2017
Mətni dəyiş

REAL Hərəkatının İdarə Heyyətinin üzvü Rəsul Cəfərov hərəkatın sədri İlqar Məmmədovla bağlı Avropa Şurası Nazirlər Komitəsinin son qərarından sonra başlayan qarayaxma kampaniyasına münasibət bildirib

Abzas.net xəbər verir ki, Cəfərov məsələ ilə bağlı öz feysbuk hesabında bəzi qeydlərin paylaşıb.

Rəsul Cəfərovun sözlərinə görə, Avropa Şurasının hazırda 47 üzvü var, heç birində İlqar Məmmədov işi kimi iş yoxdur, yəni bir nəfərin azadlığa buraxılmasından imtina edilməsi.

"Avropa Məhkəməsinin icra edilməyən qərarları icrası mümkün olmayan və ya icrası üçün ümumi tədbirlər görülməsi tələb olunan qərarlardır. Yeri gəlmişkən, bu cür qərarlar Azərbaycan üzrə də çıxarılıb, məsələn, seçkilərlə bağlı ümumilikdə 100-ə qədər iş var ki, faktiki icra edilmir. Ümumi tədbirlər dedikdə, qanunvericiliyin dəyişdirilməsi, təyinatların şəffalığı, bərbarliyin təminatı və s. kimi ümumi addımlar nəzərdə tutulur. Avropa Məhkəməsinin qərarı üzv-dövlətlər üçün məcburi xarakter daşıyır, Azərbaycan 2001-ci ildə üzv olanda bu öhdəliyi götürüb. Yerli məhkəmələrdə hüquqlar təmin edilmədikdə hər kəsin Avropa Məhkəməsinə müraciət etmək hüququ var və İlqar Məmmədov da bu hüququndan istifadə edib" - deyə REAL funksioneri əlavə edib.

31 dövlətin hamısı islamofobdur? ya Ermənistana xidmət edirlər? Hamısı qərəzlidir?

Cəfərov deyir ki, Avropa Şurası Nazirlər Komitəsinin son qərarı təşkilatın Baş Katibi Yaqland tərəfindən verilməyib, qərar Nazirlər Komitəsinə daxil olan ölkələr tərəfindən verilib. Qərarın qəbulu onu göstərdi ki, məhz, həmin ölkələr də 46.4-ün tətbiqi ilə bağlı konsensusa gəliblər. Bu qərarın qəbulu üçün ən azı 31 dövlətin səsi tələb olunur. 31 dövlətin hamısı islamofobdur? ya Ermənistana xidmət edirlər? Hamısı qərəzlidir?

Yaqlandın Kəlbəcərli əsirlər Dilqəm Əhmədov və Şahbaz Quliyevlə bağlı fərdi bəyanat verən tək-tük Avropalı siyasətçilərdən oldu

"Avropa Şurası Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanı dəstəkləyən təşkilatdır, bunu sübut edəcək çoxsaylı sənədləri də var. Avropa Məhkəməsinin özü 'Çıraqovlar Ermınistana' qarşı işdə ədalətli qərar çıxarıb və məcburi köçkün düşmüş şəxslərin hüquqlarını tanıyıb. Yaqlandın özü Kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı fərdi bəyanat verən tək-tük Avropalı siyasətçilərdən oldu. Bu sənədlər, qərarlar və bəyanatlar ölkənin rəsmi qurumları tərəfindən istifadə edilib, telekanallar başda olmaqla KİV-lər istinad ediblər bunlara. İndi nə oldu?" - deyə Rəsul Cəfərov sual edib.

Cəfərov sonda qeyd edib ki, Avropa Şurası Nazirlər Komitəsinin bu qərarı nə İlqar Məmmədova şəxsi sevgilərindən irəli gəlir, nə də bu təbliğatda qeyd edilən yalançı konspiroloji səbəblərdən. Nazirlər Komitəsi öz imicinə görə, öz qərarlarına hörmət etdiyindən, təşkilatın Nizamnaməsinə əsaslanaraq bu addımları atır. Səbəb isə aydındır - İlqar Avropa Şurası məkanında yeganə şəxsdir ki, Avropa Məhkəməsinin azadlığa buraxılması ilə bağlı qərarın olmasına baxmayaraq, hələ də həbsdədir. Qərar da 3 ildən artıqdır ki, qəbul olunub!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun