Qiyas İbrahimov və atası məhkəməyə hörmətsizlikdə suçlanır - yeni cinayət işi açılıb

Qiyas İbrahimov və atası məhkəməyə hörmətsizlikdə suçlanır - yeni cinayət işi açılıb
28 Sentyabr 2017
Mətni dəyiş

“Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimov və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2 maddəsi ilə cinayət işi qaldırılıb. Ata və oğul məhkəməyə hörmətsizlikdə suçlanırlar.

Azadlıq Radiosunun məlumatına görə, bu barədə onların vəkili Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, Həsən və Qiyas İbrahimovlar sentyabrın 27-də Ədliyyə Nazirliyinin istintaq idarəsində təqsirləndirilən şəxs qismində dindiriliblər.

“Həsən İbrahimov bildirdi ki, özünü təqsirli saymır. Sadəcə, hakimin qanunsuz hərəkətlərinə etiraz etdiyini dedi. Daha sonra Qiyas İbrahimovun özünə qarşı 289.2 maddəsi ilə ittiham elan olundu. O da özünü təqsirli saymadığını bildirdi”, - vəkil deyir.

“Qərəzli və birtərəfli”

Elçin Sadıqov ekspertiza rəyləri ilə tanış olduğunu, ancaq “qərəzli və birtərəfli” hazırlandığından ondan narazı qaldığını da söyləyib.

“Ekspertiza rəyində Həsən İbrahimovun hakimə müraciətlə “Balalarınızın qarşısına çıxacaq” fikri məhkəməyə təhqir kimi qiymətləndirilib. Bununla razı deyilik”, - vəkil izah edir.

Elçin Sadıqov istintaqın gələn həftə başa çatacağını və işin məhkəməyə göndəriləcəyini bildirir.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

"Amnesty International" təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona qarşı cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.

Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz...” deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun