Pambıq yığmaqdan qayıdan həkimlər qəzaya uğrayıb

Pambıq yığmaqdan qayıdan həkimlər qəzaya uğrayıb
20 Sentyabr 2017
Mətni dəyiş

Səhiyyə Nazirliyi: ''Onların həmin avtomobillə hara getdikləri barədə heç nə deyə bilmərəm''

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından gələrkən qəzaya düşüblər.

Hadisə sentyabrın 19-da baş verib. Təcili yardım maşınında pambıq yığımından qayıdan tibb işçiləri arasında xəsarət alanların olduğu bildirilir.

Biləsuvar Rayonu Mərkəzi Xəstəxanasından Axar.az-a faktı təqdiqləyiblər. Xəstəxanadan verilən məlumata görə, yaralılar arasında ölən olmayıb:

“Yaralılardan birinin vəziyyəti ağırdır. Hazırda reanimasiya şöbəsindədir. Digər bir nəfərin vəziyyəti də bir qədər ağırdır. Palataya köçürülüb, müalicəsi davam edir. Xəsarət alanların bəziləri evə buraxılıb. Bəzi yaralıların isə müalicələri davam etdirilir”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qəzaya uğrayan avtomobildəki 3 nəfər yüngül xəsarət alıb:

“Ölən yoxdur. Həmin xəsarət alan şəxslər də hazırda Biləsuvar Rayon Mərkəzi Xəstəxanasındadır. Ancaq onların həmin avtomobillə hara getdikləri barədə heç nə deyə bilmərəm”.

Sentyabrın 18-də sözügedən xəstəxananın baş həkimi Nizami Mehdizadənin oğlu da Bakıda qəza törətmişdi. Məlumata görə, Teymur Əliyev küçəsində “10 ST 908” dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurmuşdu. Nəticədə ağır xəsarət alan piyada ölmüşdü.

N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyununda təyin edilib.

Ötən il vəkil Cavad Cavadov sosial şəbəkələrdə hansısa xəstəxananın həkimlərinin, məktəb müəllimlərinin və digər könüllülərin pambıq yığımına cəlb olunmasına münasibət bildirmişdi.

“Könüllü olaraq şəxslərin işə cəlb edilməsi 9 iyun 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

[caption id="attachment_47005" align="aligncenter" width="1080"] Vəkil Cavad Cavadov[/caption]

Lakin Qanun könüllü fəaliyyətinə cəlb olunmasını yol verən istiqamələri konkretləşdirmişdir və bunlar: əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Eyni zamanda Qanunun 4.3 maddəsi könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsini və 4.4. maddəsi Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə qəti olaraq yol vermir.

Yəni bu, o deməkdir ki, hansısa kommersiya hüquqi şəxsin “XXX” MMC-nin şəxsi gəlir əldə etməsi üçün könüllü işə cəlb etməsi mümkün deyil. Bu, mümkün olsa idi belə, işçi çatışmazlığı üzündən könüllürərin işə cəlb edilməsi birbaşa qanunla qadağandır. Açıq-aşkardır ki, "könüllülərin" işə cəlb edilməsi məhz işçi çatışmazlığı ilə bağlıdır” – deyə vəkil qeyd edib.

Cavad Cavadov hesab edir ki, bütün bunlardan əlavə könüllüləri işə cəlb edən təşkilat könüllülərlə müqavilə bağlamalı, onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir:

“Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət “Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir və məcburi əməyə daha çox bənzəyir.

Bu isə son nəticədə Konstitusiyanın 35-ci maddəsinin tələblərinin pozulmasıdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun