Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və FHN-in əməkdaşlarının səyləri nəticəsində tam olaraq söndürülüb. Abzas.net xəbər verir ki, bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, Qəbələ MMBM-nin Bum meşəbəyliyinin Abrıx, Dandık, Solquca kəndləri ətrafındakı meşə sahələrində isə yanğın nəzarətə götürülüb, onun tam söndürülməsi üçün ETSN-in və FHN-in hadisə yerində olan canlı qüvvəsi və texnikası tədbirləri davam etdirir. Eyni zamanda, Abrıx və Solquca kəndləri ərazisində yanğının irəlilədiyi xətt üzrə iş gedir. Bu gün operativ səhər toplantısında meşəçilər bu xətdən geri çəkilməyəcəklərinə və var qüvvələri ilə alovu dayandıracaqlarına söz veriblər. Hadisə yerində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların 350-yə yaxın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələri və texnikası yanğının qarşısını almağa çalışırlar. Yanğın zolağı yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir, mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtıllı traktorlar vasitəsi ilə su çənləri qaldırılır, əl əməyindən istifadə olunaraq vedrə və su tutumu olan qablarla söndürmə işləri aparılır. Təxirəsalınmaz və operativ tədbirlər bu saatlarda da davam etdirilir.