Ofşorlara bağlı iki şirkət Azərbaycandan getdi

Ofşorlara bağlı iki şirkət Azərbaycandan getdi
7 Sentyabr 2017
Mətni dəyiş

Britaniyada, 2011-ci ilin dekabrında yaranmış iki şirkətin Bakıdakı nümayəndəlikləri bu gün, sentyabrın 7-də bağlandıqları haqda borclularını xəbərdar edib. Eyni şirkətlərin təsisçiliyi ilə yaradılan bu şirkətlərə Azərbaycanda eyni şəxs rəhbərlik edirdi.

Vergilər Nazirliyinin mətbu orqanı ("Vergilər" qəzeti) açıqlayıb ki, "Interex Service Group LLP" "Novacotek Transportation and Delivery Services LLP" şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri ləğv olunur. Bu nümayəndəliklər 2012-ci və 2014-cü illərdən fəaliyyət göstərirdi.

Şirkətlərin rəhbərləri eyni şəxs idi

Bakıda müxtəlif ünvanlarda yerləşən bu şirkətlərə Bəhram Abdinov rəhbərlik edirdi. O, həm də "Novacotek Transportation and Delivery Services" şirkətinin Çexiyadakı nümayəndəsi idi. Bundan başqa, Azərbaycanın kommersiya reyestrində deyilir ki, B.Abdinov həm də başqa bir ofşor şirkətin – "Novacotek Trans-Continental Delivery Services and Logistics Limited" şirkətinin nümayəndəsidir. Bu şirkət Azərbaycanda 2001-ci ildən təmsil olunur.

Şirkətlərin sahibləri bəlli deyil 

Britaniyanın şirkətlər reyestrindən görünür ki, nümayəndəlikləri ləğv olunan şirkətlərin özlərinin də fəaliyyəti bu ilin mayında dayandırılıb. Hər iki şirkətin yaradıcıları Seyşel adalarında qeydiyyatdan keçmiş "AFK Business Management Ltd." və "Lancaster Management Association Ltd." şirkətləridir. Bu ofşor şirkətlərin son sahibləri haqda bilgi yoxdur.

Bəlli olan budur ki, bu tandemin daha bir ortaqlığı var. 2012-ci ilin sentyabrında qurulan "Westerton Commerce LLP" şirkətinə bu ilin aprelindən Maryna Pelykhnəzarət etdi. Bu xanım Viktor Yanukovych-in prezidentliyi dönəmində Ukraynanın Dövlət İşlər İdarəsinin rəhbəri olmuş Andriy Kravets-in həyat yoldaşıdır. Ukraynanın UNIAN xəbər agentliyi belə yazır. "Westerton Commerce LLP" şirkətinin və Maryna Pelykh-ın təsis etdikləri "Kyiv-Art" MMC Kiyevdə parkinq, ticarət və biznes mərkəzinin inşası ilə məşğuldur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun