“Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. O, elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib”.
Abzas.net xəbər verir ki, bu sözləri prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov sosial şəbəkə hesabında yazıb.
“Bu gün Azərbaycanın uğurları, dünyada artan nüfuzu, sosial-iqtisadi tərəqqisi, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq düşmənlərimizin, bədxahlarımızın, bizi gözü götürməyənlərin yuxularına haram qatıb. Təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər".
"Qoy Soros cavab versin..."Novruz Məmmədov deyib ki, xarici qüvvələr çirkin niyyətlərini həyata keçirmək üçün hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların “xidmətlərindən” yararlanmağa çalışırlar.
Prezidentin köməçisi bildirib ki, yalanın ömrü az olar, ayaq tutar, yeriməz. Onlar Azərbaycana, ölkə rəhbərliyinə qarşı yönələn bu həmlələrlə dünya birliyini çaşdıra bilməzlər.
"Azərbaycan öz ədalətli mövqeyi, daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz qazanmışdır, öz inkişaf yolunu inamla davam etdirir, ona atılan heç bir çamuru, ləkəni götürmür. Soros isə qoy cavab versin maliyyələşdirdiyi təşkilatların terrorist elan olunması və qanundankənar hesab edilməsi haqqında Ağ ev qarşısında avqust ayında qaldırılmış petisiyaya nə üçün az bir müddət ərzində 140 min nəfər tərəfdar çıxıb?!”