Nazir müavini: "Bu il Avropa Birliyi ilə saziş imzalanmayacaq"

Nazir müavini: "Bu il Avropa Birliyi ilə saziş imzalanmayacaq"
21 Sentyabr 2017
Mətni dəyiş

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Avropa İttifaqı ilə bağlı əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi ilə bağlı açıqlama verib.

Abzas.net xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında müqavilənin bu ilin sonun qədər imzalanmayacağını bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər Avropa İttifaqı ilə sazişin imzalanması üçün gərək, Azərbaycan bütün şərtləri qəbul etsin.

Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycan tərəfi tələsmir və əsas diqqəti keyfiyyətə yönəltmək lazımdır:

Siyasi məsələlər, ərazi bütövlüyü, suverenlik, sərhədləri toxunulmazlığı...

"Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu bir hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun".

Nazir müavini bildirib ki, sənəddə siyasi məsələlərlə yanaşı Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi məsələlər də öz əksini tapıb.

"Avropa İttifaqının bütün istəklərinin yerinə yetirilməyəcəyi səbəbilə, saziş bu ilin sonuna qədər imzalana bilməyəcək".

M.Məmmədquliyevin sözlərinə görə, müqavilənin imzalanması o halda baş verə bilər ki, Azərbaycan tərəfi Avropa İttifaqının dediyi bütün məsələləri yerinə yetirək.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir.

2004-cü ildən Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi - Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir.

Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlüyə dair saziş imzalayıb.

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib.

2017-ci ilin aprel ayında Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard bildirib ki, Azərbaycan və Avropa Birliyi (AB) arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar yaxın həftələrdə başlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun