Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri Petr Pavel-lə görüşüb

Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri Petr Pavel-lə görüşüb
7 Sentyabr 2017
Mətni dəyiş

Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavel-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

General-polkovnik N.Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb. NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən Baş Qərargah rəisi Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində NATO-nun Hərbi Komitəsinin sədri general P.Pavel Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlığı yüksək qiymətləndirib.

Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün məhz Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun