Azərbaycanın əsas müxalif qurumlarından Milli Şura Bakıda etiraz mitinqi keçirir. Müxalifət birliyi mitinqin məqsədi ölkədən qanunsuz çıxarılan və xaricilərə rüşvət kimi verilən "3 milyard" məsələsidir. Müxalifət hökumətdən tələb edir ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlasın.
Yenilənən məlumatlar yazının yuxarı hissəsində.
Milli Şura aksiyaları davam etdirməyi qərara alıb.
Milli Şuranın mitinqində bundan sonra da aksiyaları davam etdirmək barədə qurumun qərarı açıqlanıb. Bu barədə qurumun lideri Cəmil Həsənli çıxışında bildirib.
AXCP sədri Əli Kərimli deyib ki, xalq aksiyaları dəstəklədiyi təqdirdə Milli Şura mitinqləri davam etdirmək niyyətindədir.
Elektrik enerjisini kəsdilər
Mitinqə ayrılan vaxt başa çatan kimi meydanda elektirik enerjisi kəsildi. Aksiyanın aparıcısı İbrahim İbrahimli dedi ki, qətnamənin əsas bir vurğusu var idi: “Xalqdan oğurladığınızı qaytarın”.
***
Polisin açıqlaması və Milli Şuranın razı olmaması
Bakı şəhər Baş Polis İdarəsi sentaybırn 23-də Milli Şuranın keçirtdiyi aksiya ilə bağlı məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırlmış aksiyada hər hansı insident baş vermyib. Polisin açıqlamasında mitinqdə iştirak edənlərin sayına da toxunulur:
“Saat 15.00-dan 17.00-dək davam edən toplantıda ümumi sayı 1500 (min beş yüz) nəfərə qədər olan şəxs iştirak edib.”
Açıqlamaya görə, aksiyada AXCP, KXCP,Xalq, Milli Dövlətçilik partiyalarının, Müsavat Partiyası Gənclər Təşkilatının, “Müsəlman Birliyi” və“NİDA”Hərəkatlarının tərəfdarları iştirak ediblər.
Ancaq təşkilatçlar hesab edir ki, Bakı polisi aksiyaçıların sayını dəfələrlə azaldıb.Üstəlik, Milli Şuraya daxil olmayan bir çox partiya və təşkilatların tərəfdarlarının da aksiyaya qatıldığığı haqqında yanlış məlumat yayıblar.
[embed]https://www.youtube.com/watch?v=vuzYnpyD-eg&feature=youtu.be[/embed]***
***
İbrahim İbrahimli: “Bu mitinq xalqın mitinqidir. Ona görə ki, oğurlanıb xarici ofşorlara aparılan pullarda hər kəsin payı var. Bu mitinq hesab sorma mitinqi, oğurlanmış milyardlara sahib çıxma mitinqidir”, o, deyib.
***
Əli Kərimli: "Azərbacanı işğal edən, onun sərvətlərini talayan, xalqına zülm edən bir qrup korrupsioner bu dəfə cinayət başında yaxalanıb. Bu millət oğrulara dur deməlidi."
Əli Kərimli: "Bu millət meydana ona görə toplaşıb ki, oğrulara sözü var. Bu meydanda 100-dən çox siyasi məhbusun şəkli dalğalanır. İnsanlar bura həm də ona görə toplaşıb ki, həbsdə olan Gözəl Bayramlıya, Mehman Hüseynova, İlkin Rüstəmzadəyə, Fuad Əhmədliyə azadlıq tələb etsin. Ona görə bura toplaşıb ki, bir günün içində hökumətin gül bayramını qul bayramına çevrilmiş Qiyas və Bayram üçün azadlıq tələb etsin. Korrupsiyaya bulaşmış hökumət Qarabağı da işğaldan azad edə bilməz. Ona görə də millət “Qarabağa azadlıq” deməlidir”.
***
***
***
Azərbaycan Xalq Cəbhəs Partiyasının (AXCP) 3 fəalına 15 sutka inzibati həbs cəzası verildiyi bildirilir.
Bu barədə partiyadan məlumat veriblər. Həmin şəxslərin partiyanın Cənclər Komitəsinin rəhbəri İlham Hüseyn, fəallar Emil Səlimov və Saqif Qurbanov olduğu bildirilir.
Onlardan sentyabrın 22-si günortadan sonra xəbər yox idi. İnzibati həbs cəzalarının Binəqədi, Nəsimi və Səbail rayon məhkəmlərində verildiyi bildirilir.Ancaq bu məlumatı məhkəmələrdən dəqiqləşdirmək mümkün olmayıb.
Gənclərin saxlanma səbəbi izah edilmir. Partiya hesab edir ki, hər 3 şəxs mitinqin təşkilində fəal iştirak etdiklərinə görə, cəzalanıblar.
Hərçənd Milli Şuranın bu gün, sentyabrın 23-nə təyin edilən mitinqi şəhər rəhbərliyi ilə razılaşdırılıb.
Partiyadan verilən bu açıqlamaya, hələlik, Daxili İşlər Nazirliyindən də münasibət almaq mümkün olmayıb.
İlham Hüseyn Milli Şuranın son aksiyalarında aparıcı olmuşdu.
***
Milli Şura bu gün, sentybarın 23-ü “Talana yox” şüarı ilə mitinq keçirmək niyyətindədir.
Aksiyanın məqsədini Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəs Partiyasının ( AXCP) sədri Əli Kərimli açıqlamışdı. O, dünyanın müxtəlif mətbu orqanlarında Azərbaycanla bağlı dərc olunmuş araşdırmalara istinad edərək demişdi:
"Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib. Lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib".
Bakı şəhər Baş Polis İdarəsi isə mitinq təşkilatçılarına xəbərdarlıq verib. Polis bildirib ki, Bakı Şəhər İcra Haimiyyətinə göndərilən müraciətdə əks edilən şuarlardan əlavə şuarların səslənməsinə imkan verilməyəcək.
Xatırlatma
“The Guardian” qəzetində dərc olunmuş araşdırmaya görə, 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar çıxarılaraq Böyük Britaniyada qeydiyyatdan keçən 4 ofşor şirkətə ötürülüb.Həmin pulların “yuyularaq” mənimsənildiyi və rüşvət verildiyi iddia edilir.
Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.
Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib ki, məqalədəki “məlumatlar” absurd xarakter daşıyır.
“Dünyada müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır”, – o qeyd edib.
Rəsmilər bəyan ediblər ki, həmin məsələlərin nə Azərbaycan dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyatı var.
Yazının hazırlanmasında Abzas.net, Azadlıq Radiosu və Meydan TV-nin materiallarından istifadə olunub.