Turan informasiya agentliyinə yenidən vergi sanksiyası təyin olunub, bu barədə agentliyə Vergilər Nazirliyindən daxil olan rəsmi məktubda bildirilib.
“Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və üstəlik 9.294 manat faizə malikdir”, – Turan agentliyinin direktoru BBC Azərbaycancaya bildirib.
Mehman Əliyevin sözlərinə görə, ötən həftə 11 sentyabr tarixli məktubda Vergilər Nazirliyi 37 min manat məbləğində sanksiyanın ləğvini təsdiqləmişdi. Bundan sonra agentliyin hesabları açıldı.
Lakin daha sonra gələn məktub borcun olduğunu göstərib, bu isə vəziyyəti yenidən əvvəlki hala qaytarıb. Turan agentliyinin direktoru eyni nazirlikdən “ziddiyyətli qərarların gəlməsinin səhv olmadığını” düşünür. O, hesab edir ki, bu işin arxasında “siyasi tapşırıq” var:
“Bu məsələ vergi yox, siyasi məsələdir. Hər şey tapşırıqlar əsasında baş verir.”