"Turan" Informasiya agentliyinin rəhbəri Mehman Əliyevin telefon danışıqlarına və ailə üzvləri ilə görüş hüququna məhdudiyyət qoyulub.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı bildirib.
Sentyabrın 7-də 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Əliyevlə görüşdən sonra vəkil deyib ki, məhdudiyyət Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini Qurban Mehrəliyevin 30 avqust 2017-ci il tarixli qərarı əsasında tətbiq olunub.
Fariz Namazlı Mehman Əliyevin telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasını qanunsuz və əsassız olduğunu bildirib:
"Mehman Əliyev vergi cinayətində ittiham olunur. Onun telefon zəngləri və görüş hüququnun məhdudlaşdırılmasının hüquqi və məntiqi əsası yoxdur. Başa düşmək olmur ki, niyə məhdudlaşdırıblar. Mehman Əliyev qatı cinayətkar, mütəşəkkil dəstənin üzvü deyil ki, bu cür məhdudlaşdırma ilə onun digər qrup üzvləri ilə əlaqəyə girməsinin qarşısı alınsın. Bu baxımdan, qərar tam əsassız və qanunsuzdur".
Xatırlatma
Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.
Avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.
Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.