Marketlərdə alıcılara kassa qəbzi niyə verilmir?

Marketlərdə alıcılara kassa qəbzi niyə verilmir?
26 Sentyabr 2017
Mətni dəyiş

Hər birimiz, yaxud yaxınlarımız dükanlardan alver edərkən kassaya yaxınlaşıb ödəmə edirik. Xəzinədar götürdüyümüz malı hesablayıb kompüterdən (kassadan yox-müəllif) özündə qiyməti və alınan malların siyahısını, hesablanmış ƏDV-ni ehtiva edən qəbzi çıxarıb verir. Həmin qəbzdə obyektin adı, yerləşdiyi məkanın ünvanı, tarix, məhsulların adı, qiyməti, pulun qalığı və s. qeyd olunur. Bəs üzərində ƏDV qeyd olunan kassa qəbzi alıcıya niyə verilmir?

Bunu nəzərə alıb Bakıda və Sumqayıtda bir neçə supermarketdən alver etdik. Öncə Ələsgərov-Qaşqay küçələrinin kəsişməsində yerləşən “Adore” marketindən 15.8 manatlıq mal alıb kassaya yaxınlaşdıq, xanım qız hesablamadan sonra kompüterdən satış qəbzini çıxarıb təqdim etdi. Kassa qəbzini istəyəndə, anlaşılmaz vəziyyətdə baxdı, köməyinə digər kassada işləyən həmkarı yetişdi, tez-tələsik kassaya yaxınlaşıb hesabı piştaxtanın altından  kassa aparatına qoşub qanuni qəbz çıxarıb verdi. Mənşəyi məlum olmayan məhsulların iri supermarketlərə yol tapması düşündürücüdür

İkinci istiqamət Cəlil Məmmədquluzadə küçəsindəki “Neptun” marketinə oldu. 13.6 manatlıq alver edib kassaya yaxınlaşdıq, yenə həmin vaqeə təkrar olundu, kassir xanım kömpüterdən qəbz (barkod-müəllif) çıxarıb işini bitmiş hesab etdi. Ona “bəs kassa qəbzi” deyə sual edəndə xanım təəccüblə heç nə anlamadığını dedi. Mən kassalara baxdım, yalnız birində kassa aparatının işlək olduğunu göstərib "baxın, ordan mənə qəbz verin" söylədik. Qız növbətçini çağırdı. Gənc oğlan “nə problem var” deyə soruşdu, kassa qəbzi istədiyimizi dedik, əvvəl “aparat işləmir” dedi. “Bunun mənə aidiyyatı yoxdur, qəbzi verin” deyə israr etdik, başqa bir kassaya yaxınlaşıb yenə piştaxtanın altında elektrikə taxılı aparatdan qəbzi çıxarıb təqdim etdi. Bir daha soruşduq ki, niyə kassa aparatını qoşmursunuz və aparatlar nə üçün piştaxtnın üstündə deyil.Növbətçi aparatın işləmədiyini bildirib işini bitmiş hesab etdi. “Deməli, siz kassa qəbzi istəməyənə qəbz vermirsiniz.Bununla gün ərzində onminlərlə manatlıq alver kassa aparatına vurulmur və vergidən gizlədilir” – dedikdə gənc oğlan sadəcə dinlədi və susdu.

Haşiyə: “Neptun” şəbəkəsinin Bakıda 9 mağazası var.

Üz tutduğumuz Şərifzadə küçəsindəki “Araz” marketdən qiyməti 4.19 manata olan "Senator" arağı aldıq, yenə həmin vəziyyət, məcbur olub kassa qəbzi tələb etdik və aldıq. Amma maraqlı bir detal: Aldığımız “Senator” arağının üzərində hansı zavodun istehsal etdiyi yazılmayıb, amma etiketi, aksiz markası yerindədir. Sadəcə, AZS yazılıb, yəni Azərbaycan sənayesi, vəssalam. Necə ola bilər, aksiz marka yapışdırılıb, amma istehsal olunduğu firmanın, zavodun adı yoxdur? Bəlkə içinə nəsə doldurublar? Bu barədə məlumat yoxdur. Hər halda mənşəyi məlum olmayan məhsulların iri supermarktlərə yol tapması düşündürücüdür. Haşiyə: 2015-ci il məlumatına görə, “Araz”marketlər şəbəkəsinin təkcə paytaxtda 21 mağazası var. Şəbəkənin rəsmi saytında bildirilir ki, 2015-2016-cı illərdə müxtəlif yerlərdə 18 filialı açılıb və ümumi supermarket sayı 41-ə yüksəlib.

Kassa aparatı olmadan market fəaliyyətə başlayıb

Gəldik Sumqayıta, 6-cı mikrorayonda 3 gün əvvəl təntənəli şəkildə açılan “Qayalı” marketə. Ümumiyyətlə, “Qayalı” marketlər şəbəkəsi Sumqayıtda iri ticarət şəbəkəsidir. Bu şəbəkəyə daxil olan marketlərin gündəlik alverləri onminlərlə manat civarında ölçülür. Marketlərin ərazisi, mal çeşidləri, alıcılarla dolu olması dediklərimizi təsdiqləyir.

Qərəz, 6.04 manatlıq alver edib yaxınlaşdıq kassirə, yenə həmin vəziyyət. Xəzinədardan kassa çeki istəyirik, verdiyini söyləyir, bunun kompüterqəbzi olduğunu deyirik, mimikasıyla heç nə anlamadığını ifadə edir. Yenə aydın şəkildə təkrarən kassa qəbzini istədiyimizi izah edirik. Növbətçini çağırır, oğlan marketin yeni açıldığını və yaxın günlərdə hər şeyin yerində olacağını söyləyir. Soruşuruq: “Bilirik 3 gündür fəaliyyətdəsiniz, bəs 3 gündə kassa aparatsız necə işləyirsiniz? Bu, vergi qanunvericiliyinə ziddir axı, siz nə qədər vergidən yayındığınızı anlayırsınızmı? Təsəvvür edirsiniz, kassa aparatı olmadan market açılıb”. Cavab əvəzinə müdiri çağırdılar. Müdir öncə israrla dedi ki, heç bir super-market kassa qəbzi vermir. Ona bunun mümkünsüz olduğunu izah etməyə çalışsaq da, alınmadı. Nəhayət, Bakıdakı marketlərdən aldığımız qəbzləri göstərəndə, dayandı... bir az düşünəndən sonra cavab verdi ki, onlar topdansatışlarla razılaşıblar, 2 faizlik ƏDV verirlər, qalanlarını topdansatışlar ödəyir, yəni 18 faiz ƏDV və 25 faiz mənfəət vergisindən azaddırlar.

Nazirliklə sahibkarlar arasında razılaşma?

Meydan TV-nin bu barədə sorğusunu cavablayan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, dövriyyələri aşağı olan kiçik ticarət müəssisələri Vergilər Nazirliyinin müvafiq orqanları ilə razılaşır. Bunun əsasında ortalama bir neçə ilin dövriyyəsi götürülür və bəlli rəqəm razılaşdırılır, nəticədə sahibkar hər ay vergisini ödəyə bilir:

“Belə razılaşma o mənada normaldır ki, ayrıca əməkdaş ayrılması, 3 ildən bir səyyar yoxlanma, o cümlədən, müxtəlif hronometrajlar aparılması və kameral yoxlamalara diqqət ayrılmasına ehtiyac yoxdur. Çünki ölkədə 570 minə yaxın vergi ödəyicisi var, bunun 90 faizə yaxını kiçik və orta vergi ödəyiciləridir. Bu tipli müəssisələrdə tərəfdaşlıq müqaviləsi ilə vergi ödənməsi normaldır”.

"Ən ciddi vergi pozucuları oliqarxlara məxsus böyük dövriyyəsi olan şirkətlər, ticarət obyektləridir"

Amma Nazim Bəydəmirli deyir ki, bu, qanuni deyil. Ona görə ki, obyektin dövriyyəsi 1 ay yaxşı, növbəti ay pis ola bilər, yaxud iqtisadi böhranlar zamanı vəsaiti ödəyə bilməz, amma öhdəlik var:

"Sadəcə, centlemen razılaşması da var.O zaman Vergilər Nazirliyi işini normal qurub proqnozları yerinə yetirir, hansı obyektlərdə qanunvericiliyin “pozulması”nı gözardı edə biləcəyini əvvəlcədən sezir. Necə ki, vaxtilə tikinti qanunvericiliyində verginin ödənilməsi qanuniləşdi,şəhərdaxili və şəhərkənarında. Səbəb də Hesablama Palatasının bir neçə il əvvəl analizində 30-a yaxın tikinti şirkətinin çox ciddi şəkildə vergidən yayınmasının ortaya çıxması idi. Təsəvvür edin ki, bir binanın inşasında 5 nəfər iştirak etmişdi. Ona görə Vergilər Nazirliyi hər tikilən binanın kvadrat metrindən vergi tutulmasını qaydaya saldı. Ancaq misal gətirdiyiniz böyük ticarət şəbəkələrində, hansının ki, həmişə alıcılarla dolu olur, kassa qəbzinin verilməməsi ciddi qanun pozuntusudur. Görünür, bu ticarət şəbəkələrinin arxasında dayanan adamların Vergilər Nazirliyinin bir sıra qurumları ilə anlaşması var. Əslində, kiçik və orta sahibkarlıq intizamlı vergi ödəyiciləridir, ən ciddi vergi pozucuları oliqarxlara məxsus böyük dövriyyəsi olan şirkətlər, ticarət obyektləridir".

İqtisadçı iddia edir ki, hətta investisiya layihələrində iştirak edən qurumlar da vergidən yayınır:

"Mən bu cür halı Bakı Olimpiya Stadionun inşasında müşahidə etmişdim. Təsəvvür edin ki, işçi min manat maaş alır, amma rəsmi əmək haqqı 250 manat idi. Türkiyənin hansısa şirkətinin işçisi isə sosial sığorta haqqı, tibbi sığortası, xidmətləri ilə birgə daha çox əmək haqqı alırdı. Yəni dövlət investisiyaları ilə maliyyələşən layihələrdə maaşlar, vergilər və sosial sığorta haqları ödənilməklə smeta müəyyənləşir. Beləliklə, şirkətin dövlətin pulunu vergi şəklində büdcəyə qaytarmaq öhdəliyi var, ancaq müxtəlif mexanizmlərlə mənimsəmələr olurdu".

"Problemin kökü Gömrük Komitəsindədir"

Nazim Bəydəmirli güman edir ki, Vergilər Nazirliyi ilə iri ticarət mərkəzləri arasında hər hansı anlaşma var. Onlar bəlli rəqəmi ödəyirlər, amma bunun doğru olub-olmadığını anlamaq çətindir:

“Cəmiyyətə bunun detalları açılsaydı, şərh vermək mümkün idi. Yenə də bütün hallarda qanunsuzdur. Aldığın malın, məsələn, 2 manatın 18 faizini ƏDV olaraq dövlətə ödəməlisən, bu, qanunun tələbidir. Azərbaycan idxaldan asılı olduğundan xaricdən gələn məhsulların ƏDV-si idxalda götürülür, söhbət Gömrük Komitəsindən gedir. Sonradan sahibkar həmin vergini əvəzləşmək istəyəndə alınmır, büdcədən onu əvəzləşdirməyə imkan verilmir. Çünki komitə proqnozlarını azaltmamaq üçün bu addımı atır”.

Nazim Bəydəmirli problemin kökünün Gömrük Komitəsində olduğunu düşünür.

"Belə anormallıq heç bir ölkədə yoxdur"

İqtisadçı deyir ki, komitənin ƏDV-ni yığmaq funksiyasını Vergilər Nazirliyinə vermək lazımdır.

O, BMT-nin 2010-15-ci illər hesabatını xatırladaraq bildirib ki,  Azərbaycan gömrüyündə ildə 1 milyard dollar təkcə ƏDV yayındırması olub:

"Yəni hər hansı ölkənin ixracı barədə BMT-yə məlumatlar gedir, bunu müqayisə edəndə, məlum olur ki, məsələn, Yeni Zenlandiyadan Azərbaycana 17 min ton yağ gəlib, amma qiyməti 170 milyon olub, bizim gömrükdə 23 milyona rəsmiləşib. Deməli, bütün idxal olunan məhsulların hamısında ƏDV var. Haqlı olaraq vergi müfəttişləri hər hansı bir ticarət obyektində yoxlama aparan zaman ƏDV-ni hesablayarkən, satış qiymətini əsas götürürlər, çünki idxalda ödənilmiş ƏDV-ni sübut edən sənəd olmur. Bunun da əsas iki səbəbi var; bir səbəbi malı idxal edən monopolist şirkətdir, ikinci səbəb vergiləri az ödəmək üçün invoyslar dəyişdirilib,  sahibkar ƏDV-ni əvəzləşdirə bilmir. Gömrük Komitəsi də öz işini yaxşı göstərmək üçün guya proqnozları artıqlaması ilə yerinə yetirir, ƏDV-ni əvəzləşdirməyə imkan vermir və nəticədə eyni vergini iki fərqli dövlət orqanı yığır. Belə anormallıq heç bir ölkədə yoxdur. Həmçinin Gömrük Komitəsi adı altında müstəqil mərkəzi icra hakimiyyəti orqanı da dünyada bir və ya iki dövlətdə ola, ya olmaya. Digər sivil ölkələrdə isə Gömrük xidməti orqanları var ki, o da Maliyyə Nazirliyinin bir departamenti kimi fəaliyyət göstərir, bu səbəbdən vəziyyətdən çıxış ancaq Gömrük Komitəsinin ləğvi və vergi yığma funksiyası Vergilər Nazirliyinə verilsə, problem qismən həll oluna bilər".

“Əgər kassa aparatı yoxdursa, yaxud qəbz verilmirsə, vergi qanunvericiliyi pozulub”

Hüquqşünas vəkil Elçin Sadıqov “İstehlakçıların hüquqları haqqında” qanunu və Vergi Məcəlləsini xatırladaraq bildirdi ki, kassa qəbzinin alıcılara verilməsi vacibdir:

“Birinci, kassa aparatı vasitəsilə ticarət mərkəzinin dövriyyəsi məlum olur və büdcəyə ödənəcək vəsait gizlədilmir. İkinci,alıcı aldığı qəbzlə sabah qüsurlu, yaxud istehlak tələbatına cavab verməyən məhsulu qaytarmalıdır. Belə olduğu halda qəbzin verilməməsi ticarət qaydalarının pozulmasıdır, bu pozuntu isə inzibati məsuliyyətə səbəb olan inzibati xətadır. Ticarət qaydalarının pozulması nəticəsində ziyan çox olanda, hətta satıcı, market müdiri cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Vəkil deyib ki, Vergi Məcəlləsinə görə ticarətlə məşğul olan sahibkaryeni açdığı marketdə, yaxud restoranda, aptekdə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş kassa aparatı qoymalıdır, əks təqdirdə, o, sahibkarlıq fəaliyyətinə başlaya bilməz. Ona görə ki, sahibkar alıcıyla alqı-satqı aparanda onu kassa aparatına köçürməli və bunun nəticəsində vergi ödəməlidir.

“Vergi Məcəlləsinin 16-cı maddəsində bu məsələlər təsbit olunub. Əgər kassa aparatı yoxdursa, yoxlama zamanı birinci dəfə 400 manat, ikinci dəfə eyni hal təkrar olunarsa, 800 manat cərimə yazılır. Üçüncü dəfə 1200 manat cərimə edilir. Bunun üçün konkret məsuliyyət nəzərdə tutulub. Yox, kassa aparatı olduğu halda qəbz verilmirsə, 400, 800 və 1200 manat cərimə verməlidir”,- deyə E.Sadıqov fikrini tamamlayıb.

"Kassa qəbzinin alıcıya verilməsi qanunvericiliyin tələbidir" 

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli hesab edir ki, qanunvericilikdə kassa qəbzinin olması vacibdir, alıcının onu götürüb-götürməməsi öz işidir.

Natiq Cəfərli deyir ki, kassa qəbzini alıcıya təqdim etməyən ticarət mərkəzlərinə ilkin mərhələdə min manat cərimə, ikinci dəfə 5 min manat, üçüncü dəfə belə olarsa, obyekt bağlanmalıdır:

"Çünki kassa qəbzinin alıcıya verilməsi qanunvericiliyin tələbidir. Kassa qəbzinin bir xüsusiyyəti odur ki, bütün dövriyyə avtomatik qeydiyyata düşür və kassa əməliyyat sənədi –“Zet” çıxarılır. Çıxarılan dövriyyə rəsmiləşir, kassanın yaddaşında qalır, onu silmək qeyri-mümkündür, ayın sonunda isə dövriyyədən irəli gələn vergi öhdəlikləri dövlətə ödənilir”.

"Kassa qəbzi ticarət obyektinin dövriyyəsini göstərir"

Kassa qəbzinin vacibliyinə toxunan iqtisadçı deyir ki, ticarət obyekləri əldə etdikləri gəlirdən vergi ödəmələri üçün dövriyyələrini açıq göstərməlidirlər. Kassa qəbzi də həmin dövriyyəni göstərir:

[caption id="attachment_5040" align="aligncenter" width="939"] Natiq Cəfərli[/caption]

“Əgər hər hansı ticarət mərkəzinin məhsulu kassaya vurmursa, iki nəticə ortaya çıxır: birinci, cərimələnmə, yaxud obyektin bağlanması riskinə gedir ki, açığı, mən buna inanmıram. Yalnız ucqar rayonlarda, ya da paytaxtın kənar kəndlərində belə risklər ola bilər. İkinci amil odur ki, mərkəz sahibi Vergilər Nazirliyinin müvafiq qurumları ilə müəyyən danışıqların nəticəsi olaraq malları kassaya vurmur. Birinci nəticə ondan ibarətdir ki, sahibkar malı kassaya vurmamaqla dövriyyəni gizlədir, ikinci, dövriyyədən doğan vergi öhdəliklərini yerinə yetirmir". "Milyonlarla vəsait vergidən yayındırılır, bu isə cinayətdir"

Natiq Cəfərlinin fikrincə, müşahidə apardığımız obyektlər nazirliklə hər hansı sövdələşməsi olmasa, bu addımı atmaz:

"Əgər belə bir sövdələşmə varsa, buda cinayətdir. Bu ticarət mərkəzləri hüquqi şəxslərdir, böyük dövriyyələri olduğundan ƏDV-yə düşür, deməli, ən azı 18 faiz vergi ödəməlidirlər. Əgər bu hallar kütləvi hal alıbsa, təsdiqini tapırsa, deməli, milyonlarla vəsait vergidən yayındırılır, bu isə cinayətdir”.

Natiq Cəfərli bildirir ki, iri obyektlər Vergilər Nazirliyi ilə hər hansı formada anlaşmasa, kassa aparatından istifadə etməməsi mümkünsüzdür:

“Oxşar vəziyyət yalnız iri supermarketklərdə olmur, böyük apterklərdə, yanacaqdoldurma məntəqələrində, klinikalarda  olur. Bəli, alverin zəifləməsi səbəbindən kiçik obyektlər qanunsuz əməliyyatın üstü açılana qədər buna gedə bilərlər”.

Vergilər Nazirliyi də iqtisadçıların fikirlərini deyir, amma...

Vəziyyətlə əlaqədar Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinə sorğu göndərdik.

Mərkəz sorğumuza aşağıdakı cavabı verdi:

“Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına görə, Məcəllənin 16.1.8-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarınəzarət-kassa aparatları vasitəsilə həyata keçirir və nağd pul hesablaşmaları aparılan zaman alıcıya qəbz təqdim etmək və həmin qəbzdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək NKA istehlakçısının vəzifələrinə aid edilir.

Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq nəzarət-kassa aparatının qəbzlərində mütləq aşağıdakı məlumatlar olmalıdır:

- vergi ödəyicisinin adı;

- VÖEN-i;

- qəbzin vurulmasının tarixi və saatı;

- obyektin adı və yerləşdiyi ünvan;

- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

- gün ərzində vurulmuş qəbzlərin sayı və nömrəsi;

- nəzarət-kassa aparatının markası və zavod nömrəsi;

- nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).

Sorğunuzda qeyd etdiyiniz, ticarət obyektlərində müştərilərə təqdim edilən barkodun alıcılara verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Alıcıya mütləq qaydada kassa qəbzi təqdim olunmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunvericiliyə əsasdən, malı qaytararkən və ya dəyişdirərkən, hüquqi sənəd kassa qəbzi hesab edilir.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd  pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, ALICIYA TƏQDİM EDİLMƏLİ OLAN ÇEKİN verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

•təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2000 manat məbləğində;

•təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4000 manat məbləğində;

•təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Natiq Cavadlı

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun