Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 21-də Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Rusiyaya səfər edib.
Abzas.net xəbər verir ki, Məzahir Pənahov Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın dəvəti ilə "Çoxqütblü dünya şəraitində müasir seçki tendensiyaları” mövzusunda keçirilən tədbirdə iştirak edəcək.
Məlumata görə, seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərlərinin də qatıldığı tədbir seçkilərlə əlaqədar bir sıra müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi təcrübələrin müzakirəsinə həsr olunub.
M.Pənahovun rusiyalı həmkarı ilə yanaşı, müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi nəzərdə tutulub.
Mərkəzin yaydığı məlumatda deyilir ki, səfər çərçivəsində seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Səfər çərçivəsində MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.