Məktəbdə etiraz: "Direktoru işdən çıxarılmağa qoymayacağıq"

Məktəbdə etiraz: "Direktoru işdən çıxarılmağa qoymayacağıq"
21 Sentyabr 2017
Mətni dəyiş

Sentyabrın 21-də səhər saatlarında Bakının 43 saylı lisey və 200 saylı məktəbin birləşdiyi kompleksdə valideynlər etiraz aksiyası keçirib.

"Biz məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılacağını eşitmişik, buna etiraz olaraq uşaqlarımızı məktəbə qoymuruq", valideynlərdən biri Esmira Qasımova BBC Azərbaycancaya deyir.

O xəstədir

Onun sözlərinə görə, direktorun işdən çıxarılma əmrini öz gözləri ilə görməsələr də, Qafar Hüseynovun işə çıxmaması bu şübhələri təsdiqləyir: "Düzdür, o xəstədir, müalicə alır, amma artıq onun yerinə kimin gətiriləcəyini də bilirik. Qafar müəllim illərdir ki, bu məktəbdə direktorluq edir. Onun yaratdığı nizam-intizama, təhsildə keyfyyətin qorunması bizi qane edir və direktorun çıxarılmasını istəmirik".

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Qafar Hüseynovun işdən çıxarılması məsələsini şaiyə adlandırır. Qurumun mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyir ki, hazırda direktor səhhəti ilə bağlı bülleten götürüb və o, vəzifəsindən azad edilməyib.

Qafar Hüseynov müalicəsini alandan sonra işə qayıdacaq

"Bu şaiyəni valideynləri arasında kim yayıb, bilmirik. Sadəcə, onu deyə bilərik ki, valideynlərin narahatlığı əsassızdır. Qafar Hüseynov müalicəsini alandan sonra işə qayıdacaq".

Valideynlər isə deyirlər ki, Qafar Hüseynov işə çıxana qədər etiraz aksiyasına davam edəcəklər.

Hələlik məsələ ilə bağlı direktor Qafar Hüseynovdan münasibət öyrənə bilməmişik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun