Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev İŞİD-ə qoşulan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama verib.
Abzas.net xəbər verir ki, general-leytenantın sözlərinə görə, 5 il ərzində İŞİD-ə qoşulan azərbaycanlıların sayı 900-ə yaxın olub.
"Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanaraq İŞİD-ə qoşulub. Onlar yaxşı iş gördüklərinə inanıblar. Amma əslində bu, cinayət işidir".
DTX rəisi bildirib ki, onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və Penitensiar Xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub.
"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib".
M.Quliyev deyib ki, xidmətin əməkdaşları hazırda İraqdadır və məlumatın düzgünlüyünü araşdırırlar.