Azərbaycanda 3 il azadlıqdan məhrum olunan və sentyabrın ortalarında prezident İlham Əliyevin əfv etdiyi bloqqer Aleksandr Lapshin Azadlıq Radiosunun Azərbaycan Xidmətinin suallarına yazılı cavab verir.
O deyir ki, Azərbaycanda həbsxanada onu boğduqlarına görə hələ danışa bilmir
- Azərbaycan mediası sentyabrın 13-də məlumat verirdi ki, siz İlham Əliyevə minnətdarlıq məktubu yazmısınız? Bu düzdür?
- Sentyabrın 13-də mən reanimasiyada huşsuz vəziyyətdə idim. Ayın 11-dən 14-nə kimi klinikadaydım. Mən fiziki olaraq o məktubu yaza bilməzdim. Mən bu məktub haqda mediada oxudum, ancaq onu görməmişəm.
Mən İlham Əliyevə yalnız bir məktub yazmışam, o da 2017-ci ilin yanvarında - ekstradiksiya olunana qədər. Orda Azərbaycanın öz ərazisinə nəzarət edə bilməməsinə görə bloqumda kobud ifadələrə görə üzr istəyirdim.
- Niyə huşsuz vəziyyətdə reanimasiyada idiniz?
- Rəsmi versiya odur ki, mən özümü öldürmək istəmişəm. Mən bunu inkar edirəm və deyirəm ki, sentyabrın 10-dan 11-nə keçən gecə kamerada mənə hücum çəkdilər. Döydülər. Mən gözümü açanda özümü klinikadada gördüm.
- Sizi döyənlər kimlər idi? Dustaqlar yoxsa mühafizəçilər?
- Onlar həbsxana mühafizəçiləri deyildi. Axşam saat 11-11:30 idi, mən yuxulayırdım. Qapı açıldı və içəri tez iki adam girib, məni döyməyə başladı.
- Bakı həbsxanası sizin baxışları dəyişdimi?
- Yox.
- Dağlıq Qarabağa yenə gedərdinizmi?
- Mən heç vaxt inkar etməmişəm ki, Dağlıq Qarabağ formal olaraq Azərbaycan ərazisidir. Ermənistan regionu zəbt edib, bu, başqa məsələdir. Onların da öz həqiqəti var. Kim haqlıdır? Kim daha çox günahkardır? – bunu bloqqerlər yox, tarixçilər həll eləməlidir.
Qarabağa isə, zəruriyyət olsa, gedərəm. Ancaq mən orda 6 il əvvəl olmuşdum. Bakı həbsxanası ilə əlaqəsi olmadan deyirəm ki, Qarabağa yenidən getməyə heç vaxt istəyim olmayıb. Bir yerə 10 dəfə getmək üçün dünya çox gözəldir, həyat isə çox qısadır.
- Sizinlə həbsxanada necə davranırdılar?
- Həbsxana mühafizəçiləri mənimlə çox korrekt davranırdı. Adamı tək kamerada 7 ay saxlamaq isə ayrı məsələdir. Bu qanunsuz və qəddardır. Qanunla bir adamı tək kamerda 21 gündən çox saxlamaq olmaz.
Həbsxana rəhbərliyi izah edirdi ki, məni məmurlarla və generallarla bir kameraya salmaq olmaz, çünki çıxanda bundan yaza bilərəm. Quldurlarla isə məni bir kameraya salmaq, ümumiyyətlə, olmaz.
Ancaq qarşı kamerada keçmiş MTN generalı Akif Çovdarov yatırdı. Gəzinti vaxtı bəzən onunla ünsiyyətdə olurduq.
- Maraqlıdır, o nə deyirdi?
- Hakimiyyəti söyürdü. Aclıq elan edirdi.
- Özünü günhakar sayırdımı?
- Yox, günahkar saymırdı.
- Və nəhayət sonda, Siz indi nə eləmək fikrindəsiniz?
- Mən sənəd toplayıram və Avropa İnsan haqları məhkəməsinə müraciət edəcəm.
Penitensiar Xidmət təkzib edir
Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov Lapşinin iddialarını cəfəngiyyat adlandırır. Deyir ki, həbsdə olduğu müddətdə Lapşini həyat yoldaşı, anası, vətəndaşı olduğu ölkənin səfirliklərinin nümayəndələri bir neçə dəfə ziyarət edib.
"Hətta onların istəyi ilə Lapşinin müayinəsinə kənardan həkimin gətirilməsinə də razılıq verilib. Və bu müddət ərzində onunla görüşən heç kəs bloqqerin saxlanma şəraitindən, ona qarşı zoakılığın, işgəncənin olmasından bir kəlmə belə danışmayıb".
Xatırlatma
Aleksandr Lapshin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır.
İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.
İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqqeri 3 il azadlıqdan məhrum etmişdi.
Sentyabrın 11-də Azərbaycan prezidenti onu əfv etdi.