Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının üç üzvünün adını "qara siyahıya salıb.
Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
XİN sözçüsü bildirib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, “Ölkəyə gəlmək, ölkədən getmək və pasport haqqında”, “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” qanununun müddəalarını kobud şəkildə pozmuş ABŞ Konqresinin Nümayəndələr Palatasının 3 üzvünün adı arzuolunmaz şəxslər siyahısına daxil edilib. Bunlar David Valadao, Frank Pallone və Tulsi Gabbard-dır.
Hikmət Hacıyev bildirib ki, bu səfərlə Palatanın üzvləri Helsinki Yekun Aktını pozublar, həmçinin Azərbaycan ərazilərinin işğalına bəraət qazandırır və dəstək vermiş olurlar.
"Təəssüflər olsun ki, bu kimi qanunsuz və qərəzli davranışla onlar Azərbaycan ictimai fikrində və beynəlxalq səviyyədə ABŞ Konqresinin nüfuzuna ləkə vururlar. Onların Ermənistan və erməni lobbisi ilə əlbir bu hərəkətləri təxribatdır, regionda davamlı sülhün təmin edilməsi və münaqişənin həlli istiqamətində ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinin pozulmasına xidmət edir", - deyə, H.Hacıyev qeyd edib.
XİN mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, bu şəxslər ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri tərəfindən maliyyələşir:
"Bu səfərin hansı maliyyə şərtləri altında həyata keçirilməsi ABŞ Konqresinin müvafiq etik komitələri tərəfindən araşdırılmalıdır. Həmçinin, mənəvi-əxlaqi dəyərləri, milli və beynəlxalq səviyyədə qanunun aliliyini rəhbər tutan ABŞ Konqresinin nümayəndələr palatasının digər üzvlərinə, bu şəxslərin seçildiyi ərazilərin seçicilərinə də müraciət edərək David Valadao, Frank Pallone və Tulsi Qabbardın əməllərinə düzgün qiymət verməyə və qınamağa çağırırıq."