John McCain: 'Hökumət Mehman Əliyevə qarşı bütün ittihamları ləğv etməlidir'

John McCain: 'Hökumət Mehman Əliyevə qarşı bütün ittihamları ləğv etməlidir'
17 Sentyabr 2017
Mətni dəyiş

ABŞ Senatının nüfuzlu nümayəndələrindən John McCain Azərbaycan hakimiyyətini 'Turan' İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı bütün ittihamları ləğv etməyə çağırıb.

Abzas.net xəbər verir ki, senator bu barədə sosial şəbəkədəki hesabında çağırış edib. J.McCain deyib ki, Mehman Əliyevin azad edilməsi doğru istiqamətdə bir addım oldu.

"Amma Azərbaycan hakimiyyəti ona qarşı, həmçinin qanunsuz həbs edilmiş hər kəsə qarşı bütün ittihamları ləğv etməlidir", deyə senator Twitter hesabında yazıb.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Bir gün sonra ona vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamları ilə cinayət işi açılıb.

Yasamal rayon məhkəməsi baş redaktor barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçmişdi. Sentyabrın 11-də isə həmin məhkəmə Mehman Əliyev haqqında həbs qəti imkan tədbiri ləğv edilib, onu azadlığa buraxdı.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

ABŞ Senatında Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı qanun layihəsi təqdim edilib. Təklif Senat komitəsində qəbul edilib və Senatın əsas sessiyasına göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun