On illərlə davam edən alkoqol qadağasından sonra İran indi problemin mövcudluğunu boynuna alır. Bu haqda “The New York Times” qəzetində Thomas Erdbrink yazır.
Uzun illər Mehdi üçün alkoqoldan reabilitasiya həbs və şallaqlama cəzası demək idi. 36 yaşlı, saçı vaxtından qabaq çallaşmış Mehdi indi içməyi nəhayət dayandırdığını deyir, özü də Alkoqoliklərin Anonim qrupunun köməyilə.
İranda alkoqol 1979-cu il inqilabından bəri qanunsuz sayılıb və dindar müsəlmanlar üçün tabu mövzu olub. Ancaq son illər bu ölkə digərləri kimi alkoqol problemini etiraf etməyə başlayıb.
PROBLEMLƏ MÜBARİZƏ APARILIR
2015-ci ildə Səhiyyə Nazirliyi alkoqol asılılığından müalicə mərkəzlərinə alkoqoliklərin qayğısına qalmaq göstərişi verib. Bundan sonra özəl klinikalarda, eləcə də dövlət müəssisələrində belə şəxslərdən ötrü yardım masaları və xüsusi palatalar yaradılıb. Hökumət həmçinin, Birləşmiş Ştatlardakı kimi, Alkoqoliklərin Anonim qrupları adlı böyük şəbəkənin yaradılmasına icazə verib.
Hökumət həmçinin ictimai kampaniyalar aparır, iranlılara xəbərdarlıq edir ki, sərxoş halda maşın idarə etməsinlər. Əvvəllər belə addım müşahidə olunmurdu.
Xəzər dənizi boyunca yollardakı bilbordlarda viski şüşələri və əzilmiş maşınlar göstərilir. İran polisinin media üçün təşkil elədiyi tədbirlərdə buldozerlər qaçaqmalçılardan müsadirə olunmuş minlərlə içki şüşəsini əzirlər. Yəni keçmişdə ölkədə əsas siyasət bu idu ki, içki problemi yoxdur. İndi isə sürücülərin içkili olub-olmaması xüsusi cihazla yoxlanır.
Məqalədə deyilir ki, 2013-cü ildə hakimiyyətə gələn prezidenti Hassan Rouhani ölkənin sərt ideologiyasına reallıq elementləri əlavə eləməkdədir. Məhz onun Səhiyyə Nazirliyi alkoqoldan daha çox müalicə mərkəzləri açmaq qərarına gəlib.
10 FAİZ ALKOQOLDAN İSTİFADƏ EDİR
Rəsmi statistika bu islam ölkəsində əhalinin azı 10 faizinin alkoqoldan istifadə etdiyini göstərir. Şəhərli orta sinif üçün spirtli içki qəbulu qərbdəki kimi normaya çevrilib. İran mediasının yazdığına görə, spirtli içki qəbul edən iranlılar Rusiya və Almaniya kimi “bərk gedən” ölkələrdən də artıq içirlər.
Bir səbəb alkoqolu əldə etməyin asanlığıdır. Zəng edirsən, düz qapına gətirirlər. Dilerlər məhsulu nəhəng qanunsuz şəbəkə vasitəsilə əldə edirlər, milyonlarla adama qonşu İraqdan gətirilmiş alkoqol çatdırılır.
Bu da rəsmi yanaşmanı dəyişir, yəni daha ucdantutma hamını cəzalandırmaq mənasızlaşır. 36 yaşlı keçmiş alkoqolik, Tehranda bir neçə Alkoqoliklərin Anonim mərkəzini idarə edən Reza Konjedi deyir ki, indi rəsmilər alkoqoliklərə cinayətkar kimi yox, müalicə olunmalı xəstə kimi baxırlar.
İranda spirtli içki qaçaqmalçılığı da böyük problem sayılır. Hər il alkoqol zəhərlənməsindən onlarla adam dünyasını dəyişir.