Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib
Abzas.net xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Ölkələrimizin yaxın təmasda olmasının önəmi artır
Prezident iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb. Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu deyən prezident qeyd edib ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. Ölkə başçısı ümidvar olduğunu bildirib ki, N. Patruşevin ölkəmizə səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.
Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk
Təhlükəsizlik Şurasının katibi Rusiya prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını prezident İlham Əliyevə çatdırıb. N. Patruşev təhlükəsizlik sahəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq deyib.
"Biz sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq" - deyə N. Patruşev əlavə edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycan prezidenti V. Putinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Rusiya prezidentinə çatdırmağı xahiş edib.