İlham Əliyev: “Ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur” [Foto]

İlham Əliyev: “Ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur” [Foto]
4 Sentyabr 2017
Mətni dəyiş

“Həmişə qeyd etdiyim kimi, bu gün də qeyd etmək istəyirəm ki, bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olmuşdur”.

Abzas.net xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Onun sözlərinə görə, son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradılıb və onlar bu gün insanlara xidmət göstərir:

“Eyni zamanda, bölgələrimizdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb”.

İlham Əliyev bildirib ki, son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub.

Prezident deyib ki, kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb.

“Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük”.

İlham Əliyev bildirib ki, bu ilin 7 ayında ticarət dövriyyəsinin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb:

“Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.

İ.Əliyevin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur.

"İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa".

Prezident deyib ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. O, təsərrüfatlarla tanış olarkən yeni alınan texnikanı da gördüyünü bildirib.

"Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır".

İlham Əliyev bildirib ki, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və bunun nəticəsi də görünür. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun