13 Sentyabr 2017
Mətni dəyiş
Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun departament direktorunu qəbul edib.
Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Belə ki, İlham Əliyev sentyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Jihad Azour-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BVF-nin Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların Beynəlxalq Valyuta Fondu tərəfindən yüksək qiymətləndirildiyini deyib. O, neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı dünya iqtisadiyyatında yaranan fəsadların Azərbaycan iqtisadiyyatına təsirinin aradan qaldırılması, makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində hökumətin atdığı addımların əhəmiyyətini xüsusi vurğulayıb. Manatın möhkəmləndirilməsi və büdcənin yığcamlaşdırılması prosesinin davam etdirilməsi və ölkə iqtisadiyyatında struktur islahatlarının həyata keçirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edən Cihad Azur iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinin və ölkə iqtisadiyyatının postneft dövrünə hazırlanmasının vacibliyini vurğulayıb.