İlham Əliyev BMT-nin baş katibi Antonio Gutteres-lə görüşüb

İlham Əliyev BMT-nin baş katibi Antonio Gutteres-lə görüşüb
21 Sentyabr 2017
Mətni dəyiş

Prezident İlham Əliyev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-nin baş katibi Antonio Gutteres ilə görüşüb.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

BMT-nin baş katibi Antonio Gutteres İlham Əliyev ilə görüşməkdən məmnunluğunu bildirərək deyib:

“Azərbaycan bizim köhnə dostumuzdur. Azərbaycan çox böyük və faydalı işlər görür, təşəbbüslər və tədbirlər həyata keçirir”.

Antonio Gutteres Azərbaycan ilə BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib, qarşılıqlı anlaşmanın mövcudluğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan BMT-nin layihələrində fəal iştirak edir. Qurumun baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edib, münaqişənin həlli ilə bağlı həmsədrlərin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü deyib. İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumları, mədəniyyətlərarası dialoq forumları, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən tədbirlərdən danışıb və bu cür layihələrin ölkəmizdə davam etdiyini deyib.

İlham Əliyev Ermənistan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mane olduğunu və münaqişənin həllinin uzadılmasına çalışdığını bildirib.

Prezident qeyd edib ki, ölkəmiz bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ancaq bu istiqamətdə təşəbbüslər göstərilsə də nəticə yoxdur.

İlham Əliyev qeyd edib ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir. Prezident vurğulayıb ki, BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun