“Məktəblərin, təhsilin, ümumiyyətlə, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır. Biz bunu görürük və son illərdə bu, özünü artıq büruzə verir. Bu, qəbul imtahanlarında, ali məktəblərə imtahanlarda özünü göstərir”.
Abzas.net xəbər verir ki, bu sözləri prezident İlham Əliyev sentyabrın 15-də Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yenidən tikilməsindən sonra onun açılış mərasimində deyib.
İlham Əliyev bildirib ki, Azərbaycan məktəbləri beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərirlər. Onun sözlərinə görə, son dövrlər azərbaycanlı şagirdlər 40 medal qazanıblar, onların arasında qızıl medal alan da var.
'Keyfiyyli təhsil ən prioritet məsələlərdəndir'"Təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb ancaq şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin əməkhaqları da artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artmışdır".
Prezident bildirib ki, ona verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Onun sözlərinə görə, bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. İmkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcək.
'Savadlılıq təxminən 100 faiz səviyyəsindədir'İlham Əliyev deyib ki, bütün bu işlər uşaqların, gənclərin savadlı, bilikli olmaları üçün görülür. O, bildirib ki, hökumət müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilib.
"Bu gün bu göstərici təxminən 100 faiz səviyyəsindədir. Bizim üçün bu, adi haldır. Amma bir çox ölkələr üçün bu, əlçatmaz bir hədəfdir. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki savadlılıq əsasdır və uşaqlarımız bilikli, ağıllı olmalıdırlar. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, gənclər, yeniyetmələr bu işlərə çox böyük məsuliyyətlə yanaşacaqlar".
Prezident deyib ki, hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsinə, onların uğurlarına baxmaq kifayətdir ki, onu demək olsun. Bildirib ki, hansı ölkələrdə innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünya miqyasında da aparıcı mövqelərə malikdir.