Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov yenidən xəstəxanaya düşüb. Sentyabrın 25-də hakimin səhhəti qəfil pisləşib.
Bu səbəbdən də Ə.Seyidov Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxandan modern.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub:
“İki gündür bura gətirilib. Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmayıb”.
Xatırladaq ki, 67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Təcrübəli həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mümkün olmuşdu. Ənvər Seyidovun fəaliyyətinə ictimaiyyətdə birmənalı münasibət olmadığından, onunla bağlı olay gündəmin diqqətçəkən hadisəsinə çevirilmiş, sosial şəbəkələrdə müzakirələr açılmışdı. Xəstəxanadan çıxdıqdan sonra Ə.Seyidov hökm oxumağa davam edirdi.
Ənvər Seyidovun adı bir çox qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş hakim kimi keçir. O, əmək fəaliyyətinə 1964-cü ildən başlayıb. Səhiyyə və rabitə sahələrində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Ədliyyə Nazirliyi sisteminə gəlməklə, bir sıra vəzifələrdə, o cümlədən Respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad rayon Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin üzvü və Həmkarlar Komitəsinin sədri vəzifələrini tutub.
1994-99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Kommisiyasının üzvü, təftiş qurupunun rəhbəri olub.
Ənvər Seyidov hakimliklə yanaşı, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, “Qızıl Qələm”, “Qızıl Qılınc” və Rəsul Rza adına mükafatlara layiq görülüb.
Hakim, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. Hərbi rütbəsi polkovnik, birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru, professordur.
Son dövrlərin ən səs-küylü məhkəmələrindən biri də "heykəl məhbusu" Qiyas İbrahimovun prosesi idi. Həmin məhkəmədə prokuror gənc fəala 9 il iş istədiyi halda hakim ona 1 il də artıq - 10 il azadlıqdan məhrum etmə qərarı oxudu. Fəalın yaxınları bildirir ki, bu həm Qiyas İbrahimin Heydər Əliyevin heykəlinə etiraz şüarları yazması, həm də məhkəmə prosesi dövründə sərt siyasi çıxışlar etməsi və son söz deyəndə heç bir peşmançılığının olmamasını, əksinə etdiyi hərəkətlə fəxr etdiyini bildirməsi olub.