'Hər bir insanın saçmalama azadlığı var, deputatdırsa, daha geniş saçmalama hüququ var'

'Hər bir insanın saçmalama azadlığı var, deputatdırsa, daha geniş saçmalama hüququ var'
25 Sentyabr 2017
Mətni dəyiş

"Mitinqin təşkilatçıları bu məsələ ilə bağlı etiraz və ya araşdırma tələb edə bilərlər"

Bu sözləri Milli Şuranın mitinqindən sonra etirazın Ermənistan rəhbərliyinin sifarişi ilə keçirildiyini iddia edən deputat Siyavuş Novruzovun fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Siyavuş Novruzovun mitinqdən sonrakı açıqlamasını şərh edən millət vəkili bildirib ki, hansısa bir rəsmi şəxs fakt olmadan belə bir açıqlama verə bilməz, ona görə də mitinqin təşkilatçıları etiraz və ya araşdırma tələb edə bilərlər.

Abzas.net-ə açıqlamasında Fazil Mustafa bildirib ki, Siyavuş Novruzov bunu hansı fakta əsaslanıb deyib, məlumatı yoxdur.

"Əgər şəhərin mərkəzində mitinq keçirilirsə, bu konstutision hüquqdur. Dövlət də haqlı olaraq bu hüququn gerçəkləşməsinə imkan yaradıbdır. Konstitusiyamızda sərbəst toplaşmaq azadlığı var və bu hüquqdan qanun çərçivəsində istifadə etmək hər bir siyasi qüvvənin hüququdur".

Deputat deyib ki, əgər mitinqdə ciddi bir qanun pozuntusu olmayıbsa, mitinqin maliyyəsi hardan gəlir, kimlər sifariş edib, bunu araşdırmaq millət vəkilinin işi deyil, hüququ-mühafizə orqanlarının işidir. Əgər Yeni Azərbaycan Partiyasının əlində gerçək fakt varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

"Siyavuş Novruzov heç bir fakt göstərmədən belə bir ittiham irəli sürməsinə görə, Milli Məclisin intizam komissiyasında cəzalandırıla bilərmi?" - sualımıza, F.Mustafa bildirib ki, bu mümkün deyil.

"Burda ittiham edən və ittiham olunan tərəf var. Mitinqin təşkilatçıları bunu böhtan hesab edirsə, Siyavuş Novruzovu məhkəməyə versin. Araşdırılsın. Məsələnin həqiqət payı bu şəkildə üzə çıxa bilər".

Millət vəkili deyib ki, prokurorluğun mediada ictimailəşdirilmiş məsələ ilə bağlı araşdırma başlatmaq hüququ var. Ancaq qarşı tərəf heç bir şikayət etmirsə, prokurorluq bu məsələni kölgədə saxlaya bilər. Burada konkret bir şəxsin ittiham edilməsindən söhbət getmir. Milli Şura bir qurumdur və yüzlərlə üzvü var. Siyavuş Novruzovun bu ittihamı hansına aiddir söyləmək çətindir. Bəlkə əlində elə bir əsas var ki, o da bu fakta əsaslanaraq dediyini deyəcək? Ona görə qarşı tərəfin əlaqədar qurumlara müraciəti önəmlidir.

"Hər bir insanın saçmalama azadlığı var. Xüsusən də bu billət vəkilidirsə, daha geniş saçmalama hüququ var"

[caption id="attachment_47319" align="aligncenter" width="800"] Ələsgər Məmmədli[/caption]

Bu sözləri isə, məsələyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli deyib. Ekspertin sözlərinə görə, əgər belə bir fakt varsa, reaksiya verilməlidir.

"Əgər Ermənistan hökuməti Azərbaycanda mitinq təşkil edə bilirsə və hüquq-mühafizə orqanları buna şərait yaradırsa, bu hökumətin zəifliyi olar. Bu edilən ittiham boş olmaqla yanaşı, hökumətin mahiyyətinə ciddi şəkildə zərər verir".

Ə.Məmmədli bildirib ki, Siyavuş Novruzovun bu fikirləri qeyri-ciddi olmaqla yanaşı, həm də hüquq pozuntusudur. Fakt olmadan kimisə suçlamaq hüquqi müstəvidə məsuliyyət yarada bilir. Ona görə Siyavuş Novruzov ittiham edəndə fakta əsaslanmalıdır.

Xatırlatma

Sentyabrın 23-ü Milli Şura mitinq keçirdi. Təşkilatçılar mitinqi hökumətin 3 milyard dollarlıq korrupsiya əməlinin ortaya çıxmasına və siyasi məhbuslara görə mitinq keçirdiyini bildiriblər.

Mitinqdən sonra mövzunu şərh edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Millət Vəkili Siyavuş Novruzov "Mitinqin sifarişçisi Ermənistan rəhbərliyidir" - deyə açıqlama verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun