Ermənistanda qadınlar Avropanı, kişilər Avrasiya İttifaqını dəstəkləyir

Ermənistanda qadınlar Avropanı, kişilər Avrasiya İttifaqını dəstəkləyir
30 Sentyabr 2017
Mətni dəyiş

Ermənistanda son 4 il ərzində Avrasiya İttifaqını dəstəkləyənlərin sayı azalıb. Bunun müqabilində Avrointeqrasiya tərəfdarları əhəmiyyətli şəkildə artıb.

Abzas.net xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts və "İctimai araşdırmaların aparıcı qrupu" ictimai təşkilatının rəhbəri Ruben Sarkisian bəyan ediblər.

Onlar, təşkilatların birgə apardığı sorğunun nəticələrini paylaşıblar.

"AZALMANIN SƏBƏBLƏRİNDƏN BİRİ 4 GÜNLÜK APREL DÖYÜŞLƏRİDİR"

Sorğuya əsasən Ermənistanda son 4 il ərzində Avrasiya İttifaqını dəstəkləyənlərin sayı azaldığı halda, Avropa Birliyinin tərəfdarları artıb.

"İctimai araşdırmaların aparıcı qrupu" ictimai təşkilatının rəhbəri Ruben Sarkisian bildirib ki, 2014-cü ildə sorğuda iştirak edənlərin 38 faizi Avrasiya İttifaqını dəstəklədiyini bildirdiyi halda, 2017-ci ildə bu insanlar sorğuda iştirak edənlərin 32 faizini təşkil edib.

Bu 4 il ərzində Avropa Birliyinə dəstək olanların sayı öz maksimumuna 2016-cı ildə çatıb. Həmin il Avropaya istiqamət tutmağın tərəfdarları ümumi sorğuda iştirak edənlərin 44 faizini təşkil edib. Elə həmin 2016-ci ildə Avrasiya İttifaqı tərəfdarları cəmi 25 faiz olub.

"Bizim fikrimizcə, 2016-cı ilin aprel ayında Qarabağda baş tutmuş 4 günlük döyüşlərdə Rusiyanın Azərbaycanı hərbi texnika ilə təchiz etməsi faktının üzə çıxması bu azalmanın əsas səbəblərindən biridir", - deyə, Sarkisian bildirib.

QADINLAR AVROPA, KİŞİLƏR AVRASİYA İTTİFAQI DEYİR

Araşdırmalar nəticəsində, həmçinin əhalinin hansı təbəqəsinin Avropanı hansı təbəqəsinin isə Avrasiya İttifaqını dəstəklədiyi də məlum olub.

Avropa İttifaqının tərəfdarları - əksəriyyəti 18-45 yaş arası olan insanlar, əsasən də qadınlar, hansılar ki Yerevanda və digər şəhərlərdə yaşayırlar və 150 min dram(315 dollar) və daha çox maaş alırlar.

Avrasiya İttifaqının tərəfdarları - 45 yaşdan yuxarı insanlar, əsasən kişilər, hansılar ki, rayon və kəndlərdə yaşayırlar və aylıq maaşları 150 min dramı keçmir.

Görünən odur ki, cəmiyyətə əsas təsir edən vasitələrdən biri kütləvi informasiya vasitələridi. Televizora baxmağa üstünlük verənlər Avrasiya İttifaqını, çap və onlayn media oxuyucuları isə Avropa Birliyini dəstəkləyirlər.

Sorğu 2014-2017-ci illər ərzində hər ay keçirilib. Bu sorğu bütün Ermənistan boyu aparılıb. Sorğuda yaşı 18-i keçmiş Ermənistanın bütün bölgələrindən olan insanlar, eləcə də paytaxt əhalisi, eyni sayda qadın və kişi ştirak edib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun